Tovuz rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan sürücü tutulub.
Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, avqustun 25-də saat 20 radələrində Qovlar-Zəyəm avtomobil yolunun Tovuz rayonunun Əyyublu kəndindən keçən hissəsində naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq azyaşlı piyadalar - 2005-ci il təvəllüdlü Pərvin Kərimovu və 2007-ci il təvəllüdlü Əfsanə Məmmədovanı vurub.
Sürücü qəzanı törədəndən sonra hadisə yerindən qaçıb. Avtomobillə vurulan azyaşlılar aldığı xəsarətlərdən vəfat ediblər.
Faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin VAZ 2107 markalı, 44 BO 067 dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü, Şəmkir rayonunun, Sabirkənd kənd sakini, 1953-cü il təvəllüdlü Əbülfət Vəliyev tərəfindən törədilməsi müəyyən edilib. O, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.