Bakıda qətl törətməkdə ittiham olunan 52 yaşlı Elman Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, qətl hadisəsi bu ilin mayında Bakı Metropoliteninin “28 May” stansiyasının yeni çıxışının yaxınlığında, Təbriz küçəsi, 2 ünvanında baş verib. Həmin yerdə yerləşən tikilidə Lənkəran rayonunun Kərgəlan kənd sakini, 1973-cü il təvəllüdlü Müşfiq Əliyevin meyiti tapılıb. Onun baş nahiyəsində çoxsaylı xəsarətlər olduğu müəyyən edilib.
Araşdırmalar nəticəsində məlum olub ki, Müşfiq Əliyevi 1965-ci il təvəllüdlü Elman Məhərrəmov qətlə yetirib. Elman Məhərrəmov Müşfiq Əliyevin başına küt alətlə çoxsaylı zərbələr vuraraq onu öldürdükdən sonra hadisə yerindən qaçsa da, çox keçmədən tutulub.
Elman Məhərrəmov Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.9-ci (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham olunur.
Təqsirləndirilən şəxsin məhkəmə bildirişini, ittiham aktını alması ilə bağlı sənədlər dəqiqləşdirilib.
Məhkəmə baxışı sentyabrın 12-ə təyin oıunub.
Hacı Zeynalov