Müdafiə Sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Samir Nəbiyevə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib.
Bundan əvvəlki prosesdə çıxış edən prokuror Samir Nəbiyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, zərərçəkmiş təqsirləndirilğn şəxsə qarşı şikayətini geri götürülməsi barədə məhkəməyə ərizə ilə mütaciət edib.
İttihama görə, Samir Nəbiyev iş adamı Əlikram Camalova birgə biznes qurmağı təklif edib. O, Əlikram Camalovdan icarəyə götürüb işlətdiyi “Brend Elektrik” mağazasına yatırım etməsini istəyib. Əvəzində qazancın yarısını ona vəd edib.
Əlikram Camalov razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə Samir Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib. Samir Nəbiyev vəsaiti mənimsəyərək, Əlikram Camalova qaytarmayıb.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir. Əlikram Camalov kəndli fermer təsərrüfatının təsisçisi və Müdafiə Sənayesi naziri Yavər Camalovun qardaşıdır.