Daxili işlər orqanlarının əməkdaşları tərəfindən Suraxanı rayonunda yerləşən orta məktəblərdən birində qeyri-aşkar şəraitdə baş verən oğurluq hadisənin üstünün açılması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
Teleqraf.com xəbər verir ki, məktəbin rəhbərliyi tərəfindən Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə bildirilib ki, müxtəlif vaxtlarda təhsil müəssisəsinin saxlanc yerindən 5 ədəd noutbuk, 1 ədəd kompüter, 156 ədəd stul və 14 ədəd yumşaq oturacaq dəsti oğurlanıb.
Suraxanı Rayon Polis İdarəsi (RPİ) və 32-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qeyd edilən cinayətin həmin məktəbin texniki işçisi paytaxt sakini Azər Kərimov tərəfindən törədildiyi müəyyən edilib və o, saxlanılaraq istintaqa təhvil verilib.
İlkin ifadəsi zamanı A.Kərimov törətdiyi cinayəti etiraf edib və məktəbdən oğurladığı noutbukları, eləcə də digər əşyaları satdığını bildirib.
Qeyd edilən faktla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.