Sumqayıt şəhərində bıçaqlanma, oğurluq və əmlak ələ keçirməkdə təqsirli bilinən 1986-cı il təvəllüdlü Qubadlı rayon sakini İmdad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, İmdad Məmmədov 12 oktyabr 2016-cı il tarixdə, gecə saat 2 radələrində Sumqayıtdakı yataqxanalardan birinin qarşısında dayanmış, Muğa Zeynalova məxsus “VAZ 21074” markalı avtomobili qaçırıb.
Sonradan istintaq hesablamalarına görə, o, idarə etdiyi avtomobilin 80 manat dəyərində salon şitindən, 45 manat dəyərində qabaq buferindən və 110 manat dəyərində səs boğucusundan ibarət, ümumilikdə, 235 manat dəyərində ehtiyat hissələrini yararsız vəziyyətə salıb. Təmir-bərpa xərcləri ilə birlikdə zərərçəkmiş şəxsə 463 manat məbləğində ziyan vurub.
Bundan başqa, o, 3 dekabr 2016-cı il tarixdə, 19.30-da bacısı Aynurə Məmmədovanın yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivində yerləşən 2 saylı yataqxananın 3 nömrəli mənzilinə gəlib.
O, bacısının azyaşlı oğlunu evdə tək qoyub getdiyini görüb və bacısını evdə gözləyib. Yarım saatdan sonra evə qayıdan Aynurə Məmmədovaya iradlarını bildirib.
Bu zaman İmdad Aynurə Məmmədova ilə mübahisə edib. Əsəbiləşən İmdad stolun üstündəki mətbəx bıçağı ilə Aynurə Məmmədovanın qarın nahiyəsindən bir dəfə vurub. Aynurə Məmmədovaya tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Daha sonra İmdad Məmmədov həmin il dekabrın 5-də, saat 22.30-da Sumqayıt şəhərində “Betonzavod” deyilən ərazidə 688 saylı yaşayış evinə pəncərə şüşəsini sındırmaqla içəri keçib. O, evin qonaq otağından 300 manat dəyərində “Arçelik” markalı televizoru oğurlayıb.
İmdad Məmmədov Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə), 177.2.2-ci (təkrar oğurluq törətmək), 177.2.3-cü ( yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) və 185.1-ci (avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə, qaçırma) maddələri ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmdad Məmmədov 7 il müddətinə azadləqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib.
İmdad Məmmədov şikayətində göstərib ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini zamanı məcburi köçkün və ağır vərəm xəstəsi olması, hərbi xidmət zamanı başından qəlpə yarası alması kimi hallar nəzərə alınmayıb. Məhkum barəsində ədalətli cəza təyin edilməsini xahiş edib.
İmdad Məmmədovun şikayəti Sumqayıt Apelyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sdərliyi ilə baş tutan iclasda araşdırılıb.
Şikayət təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.