Polis paytaxt sakinini bıçaqla hədələyərək qaçan şəxsi hadisə yerindən bir neçə yüz metr kənarda saxlayıb.
Teleqraf.com xəbər verir ki, paytaxt sakini Ülvi Cuvarlı Nərimanov rayonu, H.Əliyev küçəsi ilə hərəkətdə olan zaman naməlum şəxs onun qarşısını kəsib. Həmin şəxs Ülvi Cuvarlını bıçaqla hədələyərək “Samsung” markalı mobil telefonunu əlindən alıb.
Zərərçəkən hadisə barədə yaxınlıqda xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşlarına məlumat verən kimi quldurluq edən şəxsin “isti” izlərlə axtarışı həyata keçirilib.
Polis əməkdaşlarının çevikliyi sayəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılıb. O, aidiyyəti üzrə Nərimanov rayob Polis İdarəsinin 16-cı polis bölməsinə təhvil verilib.
Bölmədə araşdırma aparılan zaman quldurluq etməkdə şübhəli bilinən şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş Seymur Osmanov olduğu müəyyən edilib. Onun cinayət yolu ilə etdiyi mobil telefon, həmçinin hadisə zamanı istifadə etdiyi bıçaq tapılaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs ifadəsi zamanı törətdiyi cinayəti etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Polislər quldurluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya ərazi üzrə polis idarəsinə müraciət edə bilərlər.