Bakının Binəqədi rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com-un məlumatına görə, Gəncə şəhər sakini Mahir Məmmədov quldurluqla üzləşməsi barədə polisə məlumat verib.
Mahir Məmmədov bildirib ki, həmin gün axşam saatlarında paytaxtdakı Beynəlxalq Avtovağzal Kompleksində 2 naməlum şəxs onun idarə etdiyi “Mercedes” markalı avtomobilinə sərnişin qismində oturub, əvvəlcə Biləcəri qəsəbəsinə, sonra isə Gəncə şəhərinə gedəcəklərini bildiriblər.
Biləcəri qəsəbəsində onlar sürücünü döyüb, 70 manatını və mobil telefonunu alıblar.
Daha sonra onun əllərini, gözlərini və ağzını bağlayaraq avtomobillə İsmayıllı rayonuna gətiriblər. Həmin şəxslər Mahir Məmmədovu rayonun Bizlan kəndində yolun kənarında düşürüblər, özləri həmin avtomobillə yola davam ediblər.
Əl-qolunu açan Mahir Məmmədov İsmayıllı rayon polis şöbəsinə gəlib və üzləşdiyi cinayət barədə məlumat verib.
Əməliyyat-axtarış tədbirləri ilə avtomobil həmin gün Ağsu rayonunun Nüydü kəndi ərazisində tapılıb.
Görülmüş tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən şəxslərin paytaxtın Biləcəri qəsəbəsində olduqları yer müəyyən edilib.
Bakı şəhər sakini Ülvi Xəlilov və Neftçala rayon sakini Ümid Əliyev saxlanılıb.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam edir.