Yola saldığımız il bir çox səs-küylü cinayətlərlə yadda qalıb.
Teleqraf.com-un apardığı araşdırmaya görə, ilin ilk və ən səs-küylü hadisəsi Bakı şəhərində baş verib.
Yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən Dəmirçi Plaza MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən İraq Hava Yolları şirkətinə məxsus ofisdə sürücü işləyən Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer – paytaxt sakini Əli Ağalını qətlə yetirib. O, qətli COBALT markalı tüfənglə törədib.
Hadisədən əvvəl Elşən Bəşirov idarə etdiyi “Toyota” markalı avtomobillə hava limanına gedib. Avtomobildə Əli Ağalı da olub. Yolda aralarında mübahisə yaranıb. Elşən Bəşirov evə qayıdaraq ov tüfəngini götürüb, ofisə gəlib və orada Əli Ağalını qətlə yetirib.
20 yaş böyük sevgilisinin başını kəsdi
Fevralın əvvəllərində Suraxanı rayonunun Hövsan qəsəbəsində kirayədə yaşayan Göyçay rayon sakini, 1972-ci ildə təvəllüdlü Zülfiyyə Rəhimovanı 25 yaşlı Sabirabad rayon sakini Paşa Cəbrayılov qətlə yetirib.
25 yaşlı oğlan bir uşaq anası olan Zülfiyyə Rəhimova ilə qeyri-rəsmi yaşayıb. Zülfiyyə Rəhimova bundan əvvəl ailə qurub. Sonradan ərindən ayrılan qadın azyaşlı uşağı ilə kirayədə yaşamağa başlayıb. O, Hövsan qəsəbəsində kafelərdən birində ofisiant işləyib, qazandığı pulla həm özünü, həm də övladını dolandırıb.
Rusiyadan gəlib paytaxtda tikintidə fəhlə işləyən və kirayədə yaşayan Paşa Cəbrayılov Zülfiyyə ilə bir il əvvəl tanış olub. Onların münasibəti istiləşib, Paşa qadının kirayədə yaşadığı evə köçüb. Birlikdə yaşadıqları vaxt Paşa Cəbrayılov kirayə haqqını ödəyib, həm də onlara maddi cəhətdən köməklik edib.
Hadisədən bir neçə gün əvvəl Paşa Cəbrayılov Zülfiyyənin münasibətlərində dəyişiklik hiss edib. Gənc oğlan özündən yaşca böyük sevgilisinin başqa kişi ilə münasibət qurmasından şübhələnib.
Hadisə baş verən gün Paşa Cəbrayılov Zülfiyyə ilə yolda rastlaşıb. Zülfiyyə uşağını məktəbə qoyaraq kirayə yaşadığı evə qayıdırmış. Onlar birlikdə evə gəliblər.
Evdə Paşa qadına deyib ki, özümə iş tapacam, sənə nə istəsən alacam. Qadın isə ona “gör nə qədər axmaqsan ki, bir kəlmə sözümlə pulsuz Rusiyadan gəldin” deyə bildirib.
Bundan sonra Zülfiyyə Paşa Cəbrayılovun anasını və nəslimi söyüb. Söyüşü eşidib otağa qayıdan Paşa Cəbraylov qadına “sən yolunu azıbsan, başqa kişi ilə münasibət qurubsan” deyərək, onu boğub öldürüb.
İbrahimin şit zarafatı və törətdiyi dəhşətli qətl
Fevralın 15-də Nərimanov rayonunda İbrahim Sadıqov sevdiyi qızın xalası oğlunu qətlə yetirib. Hadisəyə səbəb İbrahim Sadıqovun zarafatı olub.
İbrahim Sadıqov sevdiyi Günel Əsgərovadan “yox” cavabı alıb. Günelin ailəsi də bu evliliyə razı olmayıb. Qız yaşadığı rayondan Bakıya, xalasıgilə gəlib. İbrahim Sadıqov Günel Əsgərovanın xalasıgilə zəng edərək onunla danışmaq istəyib. Telefona Genel Əsgərovanın xalası oğlu İslam Hüseynov cavab verib.
İbrahim Sadıqov Günellə danışmaq istəsə də, xalası oğlu buna icazə verməyib. Bu zaman İbrahim daha əvvəl tanıdığı İslam Hüseynovla zarafat edərək "Güneli anası ilə birlikdə qaçıracağam" deyib.
Bu zarafat İslam Hüseynovun xoşuna gəlməyib və ona xəbərdarlıq edib. Telefonda mübahisə başlayıb və onlar mübahisəni həll etmək üçün görüşüblər. Bakıda Nərimanov rayonu ərazisindəki görüşə İbrahim Sadıqov tək, İslam Hüseynov isə qardaşı ilə gəlib.
İbrahim təkbətək söhbət adı ilə İslamı qardaşının yanından ayırıb. Söhbət əsnasında onlar yenə də mübahisə ediblər və İbrahim Sadıqov üzərində gətirdiyi bıçaqla İslam Hüseynova çoxsaylı zərbələr endirib.
33 yaşlı İslam Hüseynov hadisə yerində dünyasını dəyişib.
6 tələbənin qatili – 10 il cəza
Daha bir dəhşətli hadisə Bakı-Sumqayıt yolunda baş verib. Martın 9-da saat 08:00 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.
Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə - Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova, 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə ölüb, daha 20 tələbə yaralanıb.
Sürücü Namiq Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Yaşa Bakinskinin qətli
Martın 22-də daha bir dəhşətli hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. Qəsəbə sakini, 41 yaşlı Elxan Ağayev mübahisə zəminində qohumu, 66 yaşlı Baləhməd Baləhmədovu bıçaqla qətlə yetirib.
Cinayəti törətmiş Elxan Ağayev Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşları tərəfindən saxlanılıb.
Məlum olub ki, Elxan Ağayev əvvəllər Cinayət Məcəlləsinin 234, 126 və 207-ci maddələri ilə məhkumluq həyatı yaşayıb.
İfadəsində bildirib ki, 1 ay bundan əvvəl Baləhməd Baləhmədov onu bıçaqlayıb. İndi isə Elxan Ağayev qisas məqsədilə onu öldürüb.
Xatırladaq ki, Baləhməd Baləhmədov 30 ildən yuxarı məhkumluq həyatı yaşayıb və kriminal aləmdə “Yaşa Bakinski” ləqəbi ilə tanınıb.
Musiqiçinin atasından dəhşətli əməl
Bundan üç gün sonra, martın 25-də Abşeronun Saray qəsəbəsində dəhşətli qətl hadisəsi törədilib. 55 yaşlı Qurban Hüseynov həyat yoldaşı, 54 yaşlı Fəraiz Hüseynovanı küt alətlə qətlə yetirib.
Bundan sonra həyat yoldaşının yaxın qohumu 18 yaşlı Amur Təbrizi Rəhilə Əsgər qızını da öldürüb. Bildirilir ki, xalasının himayəsində yaşayan Rəhilə Əsgər qızının iki gün öncə nişan mərasimi olub.
Qurban Hüseynov “N brothers” musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atasıdır.
İlin dəhşətli qətllərindən biri aprelin 2-də Keşlə qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü Saqil Qasımzadə və onun 26 yaşlı bacısı Fəridə qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub. O, ifadəsi zamanı əvvəlcə Saqil Qasımzadəni qətlə yetirərək avtomobilin yük yerinə qoyduğunu, daha sonra isə ailənin digər üzvlərinin yaşadığı evə yollandığını bildirib.
Amma həmin evə gələn zaman Azər Cəfərov yolda ailənin böyük oğlu Fərid Qasımazadə ilə rastlaşıb və onlar birlikdə mənzilə daxil olublar. Bir müddətdən sonra Azər qohumları ilə sağollaşaraq Fəridlə birlikdə evdən çıxıb.
Fərid Qasımzadənin evdə olmadığına əmin olandan sonra Azər yenidən həmin mənzilə qayıdıb. Qapını isə onun üzünə Lətifə Məmmədova açıb. Azər Cəfərov bu zaman qətl hadisəsini törədib. O, Fəridəni qətlə yetirib, Lətifəni isə yaralayıb.
Azər Cəfərov hadisədən sonra mənzildən oğurluq da edib. Evdən 207 dollar və 250 manat pulu götürərək hadisə yerini tərk edib.
Azər Cəfərov ömürlük azadlıqdan məhrum olunub.
Qatil anaya 17 il cəza
2017-ci ilin ən dəhşətli hadisələrindən biri Qusar rayonunda baş verib. İyunun 14-də Qusar rayonunun Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva 5 yaşlı qızı Luizanın qəflətən ölməsi barədə polisə məlumat verib. Araşdırmalar nəticəsində azyaşlının zəhərlənərək öldürüldüyü müəyyənləşib.
Şübhəli şəxs qismində dindirilən Gülnarə Saypullayeva ilkin ifadəsində qızını ilan sancdığını deyib.
Ekspertizanın rəyindən sonra isə məlum olub ki, uşaq zəhərlənib. Ana həqiqəti etiraf edib, südə zəhər qataraq uşağa içirtdiyini bildirib. Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilən Gülnarə Seypullayeva 17 il cəza alıb.
İyulun 25-i saat 21 radələrində Şəmkirin Zəyəm qəsəbəsi ərazisində 1992-ci il təvəllüdlü Pərvanə Mahmudova 3 yaşlı oğlu və 1 yaşlı qızı ilə özünü Bakı-Qazax qatarının altına atıb. Ana və iki övladı hadisə yerində ölüblər.
Pərvanə Mahmudova həyat yoldaşı, 1989-cu il təvəllüdlü Nəsrəddin Mahmudov və iki azyaşlı uşaqları – 2014-cü il təvəllüdlü Sənan Mahmudov, 2016-cı il təvəllüdlü Səma Mahmudova ilə birlikdə ərinin bibisi Dursun Mahmudovaya məxsus Şəmkir rayonu Zəyəm qəsəbəsi Xətai küçəsi ev 5 ünvanında yaşayıblar.
İyulun 25-də saat 20 radələrində Dursun Mahmudova ilə aralarında baş vermiş münaqişədən sonra Pərvanə Mahmudova uşaqlarını da götürüb atasıgilə getmək adı ilə evdən çıxıb. Lakin o, atasının evinə yox, dəmir yolu istiqamətinə gedərək uşaqlarının əlindən tutub, özünü Böyük Kəsik-Bakı istiqamətində hərəkətdə olan sərnişin qatarının altına atıb.
İlin daha bir dəhşətli qətli xəbəri Lənkəranın Darquba kəndindindən gəlib. İyulun 30-da Lənkəranın Darquba kəndində 6 günün körpəsi olan Nurullayeva Mələk Şaiq qızının meyiti su quyusundan tapılıb.
Həyətdəki su quyusuna atılan körpənin hadisə baş verən günü doğumunun 6-cı günü münasibətilə şadlıq məclisi olmalı imiş. Bu münasibətlə Bakıda yaşayan ailə üzvləri Lənkərandakı evlərinə gəliblər.
Yayılan məlumatlara görə, hadisə baş verən gecə evdə öldürülən körpənin atası Nuriyev Şaiq Muxtar oğlu, həyat yoldaşı Nuriyeva Valiyə İsfəndiyar qızı, körpənin nənəsi Atifə Nuriyeva və 10-a yaxın digər yaxın qohumlar olub.
6 günlük körpəsini yedizdirən ana 2 saat sonra yuxudan ayılanda körpəni yerində tapmayıb. Təşvişə düşən ailə üzvləri körpəni həyətdəki quyunun içindən tapıblar. 6 günlük uşağın nənəsi tərəfindən öldürüldüyü məlum olub.
Üstü açılmayan cinayət
Avqustun 5-də daha bir qətl Suraxanı rayonunda baş verib. Doğranmış bədən, kəsilmiş baş, habelə ayaqlar tapılıb.
Prokurorluq bununla bağlı əhaliyə müraciət edərək, cinayətin üstünün açılması üçün iş aparıb. Amma cinayətin nə iştirakçılarını tapmaq, nə dəki qətlə yetirilən şəxsin kimliyini müəyyən etmək mümkün olub.
Sentyabrın 3-də Şamaxı şəhəri, Vəli Məmmədov küçəsi, 52 saylı mənzildə də qətl baş verib. Rayon sakini Qadir Cahangirov ailə münaqişəsi zəminində 1947-ci il təvəllüdlü atası Arif Cahangirovu baltalayaraq öldürüb.
Başından və bədənindən ağır zərbələr alan Arif Cahangirov Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, yaralı dünyasını dəyişib.
Cinayəti törədən Qadir Cahangirov atasını ağır vəziyyətdə gördükdə həmin balta ilə öz başına zərbə vurub. O, xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirərək əməliyyat olunub. Alkoqol aludəçisi olan Qadir Cahangirovun hadisə zamanı içkili vəziyyətdə olduğu bildirilir.
Mülk üstündə ata-anasını öldürdü
Sentyabrın 21-də Gədəbəyin Qurudərə kəndində Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı, anası Aynanı bıçaqla qətlə yetirib və hadisə yerini tərk edib.
Bildirilir ki, cinayəti törədən Şöhrət Məsimov meşədə bir neçə gün gizlənib. Məlumata görə, yaşlı ər-arvad evdə 15 yaşlı qız nəvələri ilə qalırmış. Hadisə baş verən vaxt qız mağazaya gedibmiş. Şöhrət Məsimovun sərxoş vəziyyətdə cinayəti törətdiyi məlum olub. Həmin şəxsin 2000-ci illərin əvvəllərində Rusiyada daha bir qətl törətdiyi üzə çıxıb.
İbtidai istintaqa ifadə verən Şöhrət Məsimov Şöhrət Məsimov bildirib ki, sentyabrın 21-də kəndə qonaq gəlibmiş. O, deyib ki, atası ilə mübahisə pul və mülk üstündə yaranıb.
Daha bir dəhşətli hadisə Bakının Sulutəpə qəsəbəsində törədilib. 1953-cü il təvəllüdlü Allahverdi Əsədov və onun qızı, 1979-cu il təvəllüdlü Samirə Əsədova qətlə yetirilib.
Qətli Samirə Əsədovanın qeyri-rəsmi yaşadığı Sahib Hacıyevin törətdiyi məlum olub. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Müşfiq qəsəbəsi sakini Samirə Əsədova Sulutəpə qəsəbəsində Sahiblə birlikdə yaşayıb. Amma son günlər onların arasında mübahisə yaranıb. Sonuncu dəfə mübahisəyə Samirənin atası Allahverdi Əsədov da qoşulub.
O, qızı evinə gələrək Sahiblə mübahisə edib, daha sonra qızını götürərək Müşfiq qəsəbəsinə - öz evinə aparmaq istəyib. Yol kənarında maşın gözləyən ata və qıza Sahib hücum edib və onları öldürüb.
Kişi arvadını və iki uşağını öldürdü
Mingəçevir şəhərinin Nəsimi küçəsindəki 31 saylı mənzildə 1960-cı il təvəllüdlü Lazım Hüseynov ailə münaqişəsi zəminində 1982-ci il təvəllüdlü həyat yoldaşı Aynurə Hüseynovanı və iki azyaşlı övladı - 2009-cu il təvəllüdlü Hüseyn Hüseynovu və 2012-ci il təvəllüdlü Mədinə Hüseynovanı bıçaqlayaraq öldürüb.
Qətl və oğurluq hadisələrinə görə Azərbaycanda və Rusiyada məhkumluq həyatı yaşayan Lazım Hüseynov hadisəni qısqanclıq zəminində törətdiyini deyib.
Qətli törədən şəxs tutularaq istintaqa təhvil verilib.
İlin ən səs-küylü hadisələrindən biri də iki məhkumun həbsdən qaçması ilə yadda qalıb. 23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutulub.
“Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.
Bu hadisə ilə bağlı Pentensiar Xidmətin 9 əməkdaşı barəsində cinayət işi başlanıb, 20-dən çox vəzifəli şəxsi isə töhmətlə tutduğu vəzifəsindən azad edilib.
Etibar Məmmədovun həbsdən qaçmasına köməklik edən müğənni Fədayə Laçın və model Günay Atakişiyevanın barəsində həbs qətimkan tədbiri seçilib.
Salyanda həyətdən 5 ölü çıxdı
Yola saldığımız ildə ötən illərdə bağlı qalan dəhşətli bir cinayətin üstü açılıb. 3 il əvvəl itkin düşmüş Mehparə Əliyeva və onun 4 qızı - İradə, Rəqibə, Sevda və Ümidənin Salyan rayonun mərkəzində, Tale Davudzadə küçəsindəki evlərinin həyətində meyitləri aşkarlanıb.
İlkin məlumata görə, onları Mehparə Əliyevanın əri Fərhad Əliyev öldürüb. Ataya oğlu Fəqan da kömək edib.
Fərhad Əliyev içki düşkünü olub.
Mərhumların Türkiyəyə getdiyi ehtimal edilirdi. Ailənin 5 üzvü itkin düşdükdən sonra Mehparənin qızlarını da götürərək Türkiyəyə getdiyi barədə söz-söhbət yayılıbmış.
2014-cü ildən Mehparə Əliyeva və qızları Salyan rayon polis şöbəsində itkin düşmüş kimi axtarışda olub. Fərhad Əliyev həqiqətən də qətli oğlu, 1989-cu il təvəllüdlü Fəqan Əliyevlə birlikdə törədib. Polis ata və oğulu yaxalayıb.
Yola saldığımız il əsrin cinayətkarı kimi tanınan Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili, ömürlük məhkum Hacı Məmmədov saxlanıldığı Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə müəssisəsində dekabrın 3-də intihar edib.
Əsrin cinayətkarı niyə intihar etdi?
İki gün morqda saxlanılan Hacı Məmmədov dekabrın 4-də morqdan çıxarılıb və harada dəfin edildiyi barədə ictimayyətə məlum verilməyib.
2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hacı Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib.
Zakir Nəsirovun cəzası bu ilin mart ayında 15 illik cəza ilə əvəz edilib və cəzasının çəkilməmiş hissəsi bağışlanaraq azadlığa buraxılıb.
Göründüyü kimi, bu ilki kriminal olayların bir çoxu ailə münaqişəsi zəminində baş verib. Görünür, hər şeyin ailədən başladığı fikri burda da aktualdır. Təki ailədən yaxşı şeylərin əsası qoyulsun – mehribanlığın, insanpərvərliyin, mərhəmətin və sevginin...
Yeni ildə hamıya ilk növbədə bunları arzulayırıq!