4 Avqust 2014 11:52
1 820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində vətəndaşların külli miqdarda vəsaitini mənimsəməkdə təqsirləndirilən məktəb direktoru Şölə Gülmalıyeva, həmçinin “Kapital Bank” ASC-nin 1 saylı Binəqədi rayon filialının sabiq müdiri Rafiq Bayramov, onun müavini Süleyman Abayev, bankın əməkdaşları Rəşad Həsənov və Səlim Aslanov və 32 saylı Dövlət Notariat Kontorunun notariusu Ziyafət Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Şölə Gülmalıyeva bundan əvvəl də cinayət əməli törədib. O, Bakının Nizami rayonundakı 61 nömrəli orta məktəbin direktoru vəzifəsində işləyərkən Azərbaycan Beynəlxalq Universitetinin tarix və ictimaiyyət fakültəsini bitirmiş Günel İbrahimovanı qanunsuz olaraq tarix müəllimi kimi işə qəbul etmək və xidmət üzrə ümumi himayədarlıq göstərmək müqabilində 2007-ci ilin avqust ayında sonuncunun atası Mayıl İbrahimovdan 2500 manat məbləğində rüşvət aldığı müəyyən edilib.

Törətdiyi cinayət əməllərinə görə Şölə Gülmalıyeva Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə ittiham olunub. Həmçinin müəyyən edilib ki, 2006-2009-cu illərdə Şölə Gülmalıyeva tərəfindən təqdim edilmiş sənədlər əsasında “Kapital Bank”ın 1 nömrəli Binəqədi filialında 922 vətəndaşın adına istehlak kreditləri rəsmiləşdirilib. Bank işçiləri vətəndaşların əvəzindən saxta imzalar çəkilməklə, kredit müqavilələrinə əsasən rəsmiləşdirilmiş məbləğlər kassa məxaric orderlərinə əsasən Şölə Gülmalıyevaya verilib. Şölə Gülmalıyeva bankdan aldığı pulu mənimsəyib.

2011-ci il martın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şölə Gülmalıyeva 9 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun 3 il müddətinə müəllimlik fəaliyyəti ilə məşğul olmasına da qadağa qoyub. “Kapital Bank” ASC-nin 1 saylı Binəqədi rayon filialının sabiq müdiri Rafiq Bayramov, onun müavini Süleyman Abayev, bankın əməkdaşları Rəşad Həsənov və Səlim Aslanov və 32 saylı Dövlət Notariat Kontorunun notariusu Ziyafət Mirzəyevin qanunsuz əməllərinə görə, həbs ediliblər. Onların cinayət işi üzrə istintaqın gedişi zamanı Şölə Gülmalıyevanın onlarla da əlbir olması məlum olub və onun barəsində yenidən cinayət işi başlanılıb.

Şölə Gülmalıyevanın atası Adil Seyidov Azərbaycanın tanınmış hakimlərindən olub. O, 70-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Cəlilabad rayon Məhkəməsinin sədri, daha sonra isə Bərdə və Xaçmaz şəhər Məhkəmələrində hakim vəzifəsində çalışıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rafiq Bayramov 3 il, Süleyman Abayev 3 il, Rəşad Həsənov 1 il 6 ay, Səlim Aslanov 1 il 6 ay 14 gün, Ziyafət Mirzəyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Şölə Gülmalıyevanın əvvəlki cəzası ilə yeni cəzasını toplamaq yolu ilə barəsində qəti olaraq 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verib. Onlar şikayətində cəzasının yüngülləşdirilməsini istəyib. Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Ziyafət Mirzəyevin apelyasiya şikayəti qismən təmin edilib. Məhkəmə Ziyafət Mirzəyevin cəzasını 3 ilə endirib. Digər təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər