5 Yanvar 2018 13:24
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qəsdən adam öldürmədə təqsirləndirilən Rəcəb Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, qətl hadisəsi ötən il iyun ayının 24-də baş verib. Suraxanı qəsəbəsində yaşayan Rəcəb Məmmədov evində münaqişə zəminində tanışı Fərhad Mehdiyevi bıçaqla qətlə yetirib.

Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rəcəb Məmmədov tutulub.

Rəcəb Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

İttihama münasibət bildirən Rəcəb Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, hadisədən əvvəl içkili olub:

“Kristina, Mixayıl və Fərhadla bir yerdə kafeyə getdik. Onlar içdi, amma mən içmədim. Çünki gündüz içki içmişdim. Sonra evə gəldik. Gecə rəhmətlik Fərhad məndən pul istədi. Mən də ona pul vermədim. Bu səbəbdən aramızda mübahisə yarandı. Səsimizə qonşular gəldi. Bir qədər keçəndən sonra sakitləşdik, mən yerimə uzanmışdım. Gözümü açanda hər yer qan içində idi. Polisə zəng edib, evimdə meyit olduğunu söylədim. Amma kim tərəfindən öldürüldüyünü bilmədim. Polislər gəldi, heç onun meyitinə də əl vurmamışdım”.

Prokurorun suallarını cavablandıran Rəcəb Məmmədov Fərhad Mehdiyevi öldürmədiyini deyib.

Hakim bildirib ki, Rəcəb Məmmədov istintaqa verdiyi ifadəsində hadisəni törətdiyini deyib.

Rəcəb Məmmədov isə bildirib ki, həmin zaman yaddaşı yerində olmayıb və buna görə də cinayəti törətdiyini etiraf edib: “Mən onu yumruqla da vurmamışam. Fərhad məndən pul istəyəndə onu əlimlə itələmişəm. Fərhadı bıçaqla vurmağım yadımda da deyil. Axı onu mən öldürməmişəm”.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər