Bakıda narkotik vasitələrin satışında təqsirli bilinən 27 yaşlı Valeh Musayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib .
İttihama görə, əvvəllər iki dəfə məhkum olunmuş Valeh Musayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.
Məhkəmədə ifadə verən Valeh Musayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Dərnəgül bazarında fəhləliklə məşğul olub.
Onun sözlərinə görə, idarə əməkdaşları tərəfindən qanunsuz olaraq həbs edilib. İdmanla məşğul olub, narkotikin satışı və istifadəsindən uzaqdır.
Lotu Qulinin tərəfdarı olduğunu deyən Valeh Musayev qeyd edib ki, Badamdar qəsəbəsində "Bulaq" restoranındakı atışmadan sonra saxlanılıb: "Bu işə görə 90 nəfər həbs edilib, onlardan 70-i narkotiklə tutulub. Mən də əvvəllər Lotu Qulinin "kruqu"nda olmuşam. Məni buna görə məni həbs ediblər".
Valeh Musayev etiraf edib ki, əvvəllər narkotik və soyğunçuluq ittihamı ilə bağlı mühakimə olunub.
Növbəti proses yanvarın 23-də davam edəcək.