Şamaxı rayonunda yaşayış evinə basqın edən mütəşəkkil dəstənin daha iki üzvü həbs edilib.
Teleqraf.com xəbər verir ki, rayon polis şöbəsi əməkdaşları tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri ilə yanvarın 19-da Məlhəm kəndindəki evlərdən birində ev sahibinə və onun arvadına qarşı quldurluq etmiş qrupun 2 üzvü də müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən qrup üzvləri Kənan Səfərov və İbrahim Mustafayev də saxlanılaraq istintaqa təhvil veriliblər.
Qeyd edək ki, Şamaxı rayon polis şöbəsinə Məlhəm kəndində yaşayan vətəndaşın evində quldurluğa məruz qalması barədə məlumat daxil olub. Dərhal əməliyyat qrupu hadisə yerinə gəlib, müvafiq tədbirlər görülüb.
Araşdırmalarla yanvarın 19-da, gecə saat 3 radələrində həmin kənddə yaşayan Gülbar Novruzovun evinə girmiş üç maskalı şəxsin onun və arvadının əl-ayaqlarını yapışqanlı lentlə bağladıqları, döyərək oradan 12.000 manat, 3000 ABŞ dolları və 100.000 rubl (2990 manat) apardıqları məlum olub.
Hadisəni törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib. Şamaxı rayon polis şöbəsi və Sumqayıt şəhər Polis İdarəsinin həyata keçirdiyi birgə tədbirlərlə həmin şəxslərdən 3-ü “isti izlər”lə Sumqayıt şəhərində, 1 nəfər isə Şamaxı rayonunda saxlanılıb.
Araşdırmalarla onların Şamaxı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Rəşad Zərbalıyev, Cavid Zərbalıyev, Şəhriyar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tural Əliyev, Sumqayıt şəhər sakini Mehdi Əliyev olduqları müəyyən edilib.
Faktla əlaqədar Şamaxı rayon polis şöbəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.