Qusar rayonunda dələduzluqda ittiham olunan 1983-cü il təvəllüdlü Cavad Qayıbovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Cavad Qayıbov 8 fevral 2016-cı il tarixdə Qusar rayonu, Samur qəsəbəsində Bakı şəhər sakini Camal Əliyevlə görüşüb.
O, həmin vaxt Camal Əliyevi aldadaraq onun üçün satlığa ucuz “Parlament” markalı siqaret gətirəcəyi barədə yalan vəd verib. Buna görə Cavad Qayıbov iş adamından 5200 manat alıb.
Vədinə əməl etməyən Camal Əliyevdən aldığı pulu dələduzluq yolu ilə ələ keçirib.
İstintaq orqanı tərəfindən Cavad Qayıbovun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Qusar rayon Məhkəməsinin hökmü ilə Cavad Qayıbov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Cavad Qayıbov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, cəzasını cərimə cəza növü ilə əvəz edilməsini istəyib.
Sumqayıt Apelyasiya Məhkəməsində hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin apelyasiya şikayəti araşdırılıb, sonda məhkəmə qərarı açıqlanıb.
Cavad Qayıbovun apelyasiya şikayəti təmin edilib. Məhkəmə onun barəsində 3 min manat cərimə cəzası təyin edib.
Cavad Qayıbovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.