27 Fevral 2018 14:51
1 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda kafedə qanlı cinayət törətməkdə təqsirli bilinən Saleh Şahverdiyevin məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Saleh Şahverdiyev 2017-ci il oktyabrın 10-da sərxoş vəziyyətdə “Şamaxinka”adlanan ərazidə “Tantuni Köz dönər ”restoranına gəlib. O, restorana özü ilə spirtli içki gətirib.

Bu zaman ofisiant Fərid Ağayev Saleh Şahverdiyevə restoranda spritli içki içməyin qadağan olunduğunu bildirib. Onların arasında mübahisə yaranıb. Saleh Şahverdiyev konyak şüşəsini Fərid Ağayevin başına çırpıb.

Daha sonar restorandan çıxarılan Saleh Şahverdiyev qapının ağzında onu ayırmağa çalışan Qədir Məmmədova özündə olan bıçaqla zərbə vurub. Qədir Məmmədova xəsarət yetirən Saleh hadisə yerindən qaçmağa çalışıb.

Bu zaman restorana gələn Alı Aliyev onun qarşısını kəsib. Saleh Şahverdiyev ona da iki bıçaq zərbəsi vurub.

İstintaq orqanı tərəfindən Saleh Şahverdiyevə Cinayət Məcəlləsinin 126.2.4 (sağlamlığa ağır zərbə vurma) və 221.3-cü (xuliqanlıq) addəsi ilə ittiham elan edilib.

İttihama münasibət bildirən Saleh Şahverdiyev özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyib. O bildirib ki, hadisə zamanı heç kimi qəsdən vurmayıb. Özünü müdafiə etdiyini deyən təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən günü bir az içki içib: “Amma sərxoş deyildim. Dönərxanaya girdim və ofisiantdan “rumka” istədim. O da istədiyimi yerinə yetirdi. Özümlə gətirdiyim konyakdan bir qədər süzdüm. Bu zaman sonradan adını bildiyim Fəird mənə yaxınlaşdı və dedi ki, burda spirtli içki içmək qadağandır.

Mən də dedim ki, qadağandırsa, bəs niyə “rumka” gətirirsən?.. Buna görə aramızda mübahisə yarandı. Mənimlə əl-qol hərəkətləri eləməyə başladı, yaxamdan yapışdı. Həmin vaxt konyak şüşəsi əlimdə idi. Mənə şillə atanda şüşənu onun başına vurdum”.

Saleh Şahverdiyev qeyd edib ki, çölə çıxan zaman heç vaxt görmədiyi Qədir adlı şəxslə mübahisə edib: “Qədir də məni vurmağa başladı. Cibimdəki bıçaqla onu vurdum. Bıçağı meyvə alanda götürmüşdüm. Sonradan yadımdan çıxdığı üçün cibimdə qalmışdı. Özümü qorumaq üçün bıçağı çıxartdım. O yana, bu yana, havada oynatmışam. Ola bilər, həmin vaxtı bıçaq ona dəyib”.

Zərərşəkmiş şəxs qismində ifadə verən Fərid Ağayev bildirib ki, Saleh axşam saatlarında restorana gəlib və dönər sifariş verib: “Bu zaman məndən badə istədi. Mən də ona badə verdim. Gördüm ki, cibindən spirtli içki çıxarır. Yaxınlaşaraq mədəni şəkildə dedim ki, restoranda nə spirtli içki satılır, nə də kənardan gətrilməsinə icazə verilir. Bu zaman mənimlə mübahisə etməyə başladı, nəlayiq ifadələr işlətdi. Bir neçə dəfə xəbərdarlıq elədim. Bu zaman Saleh konyak şüşəsi ilə boyun nahiyəmə zərbə endirdi. Ayaq üstə qaldım, onu yumruqla vurdum. Kənarda olan şəxslər bizi ayırdı, Salehi bayıra çıxartdılar. Mən isə bayıra çıxmadım”.

Bu zaman təqsirləndirilən şəxslə zərərçəkmiş Fərid Ağayevin arasında mübahisə yaranıb. Təqsirləndirilən Fərid Ağayevin günahkar olduğunu, amma onu bağışladığını deyib. Təqsirləndirilən şəxsin bu hərəkəti hakimləri heyrətləndirib.

Prosesə sədrlik edən hakim deyib ki, zərərçəkmişin təqsirləndirilən şəxsi bağışlaması işin yüngülləşdirilməsi kimi qiymətləndirilir: “Təqsirləndirilən şəxs bağışlanması üçün zərərçəkmişdən xahiş etmək əvəzinə, onunla mübahisə edir. Bu da düzgün hərəkət deyil”.

Daha sonra digər zərərçəkmiş Qədir Məmmədov bildirib ki, hadisə günü qonşusu Alı Alıyevlə gecə yürüşündən sonra dönər yemək üçün restorana gediblər: “Həmin gün günorta içmişdik. Sonra axşamüstü çıxdıq, gəzdik. Dedik ki, bir çıxaq “Şamaxinka”da dönər yeyək. Yemək yeyib çıxırdıq ki, dava düşdü. Baxdım ki, bir nəfər döyülür. Araladım, çölə çıxardım”.

Qədir Məmmədov qeyd edib ki, orada maşınlara baxan bir oğlan olub, həmin oğlanda Salehi döymək istəyib: “Amma həmin oğlanın Salehi döyməsinə qoymadım. Həmin vaxt Saleh çox içkili idi, onaların üstünə getmək istəyirdi. Məni də söyməyə başladı. Dedim "piyan"dır, yola verdim. Maşınıma minib, aralanmaq istəyirdim ki, yenə qabağıma keçdi, məni təhqir etməyə başladı. Maşında düşərək əlimin içi ilə ona bir zərbə vurdum. Bu zaman məni bıçaqla vurdu. Birinci hiss etmədim. Saleh məni vurandan sonra qaçıb aradan çıxdı.

Lakin qarın nahiyəmdə bir ağrı hiss elədim. Baxdım ki, qan axır. Dalınca qaçdıq. Dedim, vurub hara qaçırsan? Yuxarı 300-400 metr qalxmışdıq ki, onu tutduq. Bıçaqla üstümüzə gəldi. Gözündə heç nə görünmürdü. Mən yerdən taxta götürmək istəyəndə gördüm ki, yanımdakı Alı Alıyevə 2 bıçaq zərbəsi vurdu. Taxta ilə bir neçə zərbə vurub, bıçağı əlindən alıb polisə təslim elədik”.

Zərərçəkmişlər – Qədir Məmmədov və Alı Alıyev təqsirləndirilən şəxsə qarşı şikayətləri olmadığını deyiblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər