Narkotik tərkibli dərmanların qanunsuz dövriyyəsində təqsirləndirilən Şahin Qurbanov və Cavidan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Şahin Qurbanov 2 il 3 ay azadlıqdan məhrum edilib. Zamində olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib, o, məhkəmə zalından həbs edilib.
Digər təqsirləndirilən Cavidan Hüseynov isə 1000 manat məbləğində cərimə olunub.
İttihama görə, Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda psixotrop tərkibli dərman preparatlarını keçirən mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıb. İnsan orqanizminə ciddi zərər vuran, satışı müvafiq qanunvericiliyə əsasən qadağan olunmuş psixotrop tərkibli dərman preparatlarının ölkəyə gətirilməsinin, o cümlədən alqı-satqısının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Dəstə üzvləri – Gürcüstan Respublikasının vətəndaşları Heydər Rüstəmov, onun qohumu Arifə Rüstəmova, eləcə də Ağcəbədi rayon sakini Cavidan Hüseynov və Füzuli rayon sakini Şahin Qurbanov saxlanılıb.
Saxlanılan şəxslərin üzərlərindən, həmçinin yaşadıqları evlərdən külli miqdarda güclü psixotrop təsirə malik “Rivotril”, “Ksanaks”, “Tramadol”, “Relanium”, “Lyrica” və satışı qadağan olunan digər adlarda dərman preparatları aşkar olunaraq götürülüb.
Hər iki təqsirləndirilən şəxs aptek sahibi olublar.