9 Mart 2018 13:08
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirləndirilən Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli, Anar İsmayılov və Nicat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Səriyyə Tahirova çıxış edib.

Bildirib ki, təqsirləndirilən Vüqar Əsədov ona 30 min manat pul ödəyib.

Zərərçəkmiş Vüqar Əsədovdan başqa digərlərinə cəza verilməsini istəyib.

Təqsirləndirilən Vüqar Güləli məhkəmədən vaxt istəyib. O, zərərçəkmişlərlə razılığa gəlmək istədiyini söyləyib.

Məhkəmənin növbəti iclası martın 16-na təyin edilib.

Qeyd edək ki, prokuror Vüqar Güləlinin 9 il 6 ay, Nicat Əliyevin 8 il 6 ay, Ceyhun İbayevin 8 il, Vüqar Əsədovun 7 il 6 ay, Anar İsmayılovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

İttihama görə, Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli, Anar İsmayılov və Nicat Əliyev bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq edib.

Həmin şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəkləri vədi ilə qadının 147 min manat pulunu ələ keçiriblər.

Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunan təqsirləndirilən şəxslər digər vətəndaşlara qarşı da dələduzluq ediblər.

Onlar iranlı məhkumların İrana ekstradisiya edilməsi üçün pul lazım olduğunu, qarşılığında isə 1 milyon dollar pul qazanacaqlarını, əldə edilən puldan onlara da pay verəcəkləri vədi ilə Aybala Namazovdan 35 min manat, Ədalət Əsgərovdan 115 min alaraq qaytarmayıblar.

Cinayət işində çoxsaylı zərərçəkmiş var.

Xatırladaq ki, Vüqar Güləliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təqaüddə olan polkovnikidir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər