Lisenziyası ləğv edilən RoyalBank ASC-nin 5 saylı filialının sabiq müdiri Natiq Bayramov və filialın sabiq xəzinədarı Rövşən Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mail Bayramovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Natiq Bayramov 4 il müddətində azadlıqdan məhrum edilib. Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib. O, məhkəmə iclas zalında həbs olunub.
Digər təqsirləndirilən Rövşən Qasımov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O da məhkəmə zalından həbs edilib.
İttihama görə, hər iki şəxs banka məxsus 44 min manat məbləğində pulu mənimsəməkdə ittiham edilib.
Natiq Bayramov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), Rövşən Qasımov barəsində isə 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilib.
Qeyd edək ki, hər iki şəxs 2014-cü ildə də eyni maddələr üzrə ittiham olunublar.
İttihama görə, “RoyalBank” ASC-nin 5 saylı filialının sabiq müdiri Natiq Bayramov öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhər sakinini aldadıb guya bankda onun və arvadının adına ümumilikdə 72 min ABŞ dolları olması barədə saxta əmanət kitabçasını təqdim etməklə külli miqdarda əmlakı ələ keçirib.
O, həmçinin eyni niyyətlə həmin şəxsi təkrarən aldadaraq 63 min manat pulu “Royal Bank” ASC-nin 5 saylı filialının Bakı şəhərində yerləşən inzibati binasında almaqla dələduzluq etməkdə təqsirli bilinir.
Onlar 2014-cü ildə saxlansalar da, bir müddət sonra azadlığa buraxılıblar.