2 Aprel 2018 15:09
1 587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xudat şəhərində peşəkar boksçunu öldürməyə cəhddə təqsirləndirilən Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Namiq Novruzovun cinayət işi üzrə proses başa çatıb.

Teleqraf.com xəbər verir ki, dəfələrlə məhkum olunan Namiq Novruzov sonuncu dəfə həbsdən 2015-ci il yanvarın 22-də azad edilib.

O, həmin vaxt 2013-cü ildə aldığı 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasının qalan hissəsini məntəqə tipli müəssisədə çəkirmiş.

Həbsdən azad edilən Namiq Novruzov yenə eyni əməllərini davam etdirib. Əvvəllər narkotik vasitələr gəzdirmə, adam bıçaqlama kimi cinayət törətdiyi üçün məhkumluq həyatı yaşamasına baxmayaraq, bu dəfə də bıçağı əldən yerə qoymayıb.

Namiq Novruzov həbsdən azad edildikdən 5 ay sonra, yəni həmin il iyunun 14-də yenə də ağır cinayət törədib. Həmin gün saat 18 radələrində Xaçmaz rayonunun Xudat şəhərindəki “3-cü şöbə” deyilən ərazidə sərxoş vəziyyətdə qaynı Elşax Nadirovla mübahisə edib.

Qaynı ilə əl-qol hərəkətləri işlətməklə başlanan zarafat davaya çevrilib. Sonda o, əvvəlcə qayının yumruq-təpiklə vurub, sonda bıçaqla xəsarət yetirib. İstintaq orqanı tərəfindən Namiq Novruzova qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Namiq Novruzov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Namiq Novruzov apelyasiya şikayəti verib.

Onun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada təqsirləndirilən şəxsin şikayəti araşdırılıb.

Təqsirləndirilən şəxsin vəkili Janna Bağırova deyib ki, Namiq Novruzovla Elşax Nadirov öz aralarında yumruq davası ilə bir növ məşq ediblər: “Lakin həmin məşq zamanı Elşax Nadirov yumruq zərbəsi ilə Namiq Novruzovu vurub və sonuncu “nokaut” vəziyyətinə düşərək özündən gedib. Zərərçəkmiş Elşax Nadirov professional boksçudur və onun təqsirləndirilən şəxsə vurduğu bir yumruq zərbəsi Namiq Novruzov özündən getməsinə səbəb olub. Namiq Novruzov özündən gedərək huşsuz vəziyyətdə qalandan sonra isə onun ayılıb və professional bir boksçunu döyüb, ağır xəsarət yetirməsi inanılmazdır. Bu fiziki cəhətdən də mümkün deyil”.

Vəkil qeyd edib ki, Məhkəmə iclasında ifadə verən şahidlərdən də heç biri Namiq Novruzovun Elşax Nadirovu döydüyünü bildirməyib: “İttiham tərəfindən bu barədə məhkəməyə heç bir sübut təqdim edilməyib. Məhkəmə isə bütün bunlara əhəmiyyət vermədən ibtidai istintaqın səhvlərini gizlətməyə çalışıb. Məhkəmə araşdırması səthi aparılıb, iş üzrə əhəmiyyət kəsb edən sübutlar toplanaraq cinayət işinə əlavə edilməyib.

Namiq Novruzovla Elşax Nadirov arasında döyüş keçirilən zaman orada olan digər şəxslər bunu həvəslə izləyib və hətta telefon vasitəsi ilə döyüşü videoya da çəkiblər. Namiq Novruzov həmin vaxt Elşax Nadirovun zərbəsindən huşunu itirəndən sonra isə onları izləyən kütlə Elşax Nadirovu döyüb və ona xəsarətlər yetiriblər”.

Janna Bağırovanın qeyd etdiyinə görə, istintaq tərəfindən Elşax Nadirovun kim tərəfindən döyülməsi müəyyən edilməyib: “Bu səbəbdən ibtidai istintaq orqanı Namiq Novruzova qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham elan edib. Həmin ittihama əsasən, Namiq Novruzovun Elşax Nadirovu yumruq, təpik, daş və taxta parçası ilə vurduğu qeyd olunsa da, bunu təsdiq edən hər hansı sübut cinayət işinin materiallarında mövcud deyil”.

Vəkil şikayətində qeyd edib ki, məhkəmə tərəfindən sübutlar düzgün qiymətləndirilməyib, daş, taxta parçası olmadığı halda, Namiq Novruzovun Elşax Nadirovu daş və taxta parçası ilə vurması göstərilib: “Namiq Novruzov Elşax Nadirovla zarafatyana döyüş edən zaman onlar bir-birilərinə yumruq vurublar. Bu isə ən çox 2 və ya 3 dəqiqə çəkib. Yəni Namiq Novruzov zərərçəkmiş Elşax Nadirova qəsdən deyil, ehtiyatsızlıqdan yüngül xəsarətlər yetirib. Onlar biri-birlərini dalaşmaq, intiqam və ya sair bu kimi niyyətlə vurmayıb, zarafatla döyüşüblər”.

Janna Bağırova bildirib ki, Namiq Novruzov Elşax Nadirovun yeznəsidir və Elşax Nadirovun Namiq Novruzovla həmin vaxta qədər heç bir münaqişəsi olmayıb: “Namiq Novruzov Elşax Nadirova ağır xəsarət yetirməyib. Əksinə, həmin döyüş zamanı Namiq Novruzov zərərçəkmiş Elşax Nadirovun zərbəsindən huşunu itirib və yerə yıxılıb. Bundan sonra isə Namiq Novruzov ətrafda baş verənlərdən xəbəri olmayıb. Zərərçəkmiş Elşax Nadirovun kimlər tərəfindən döyüldüyünü Namiq Novruzov bilməyib”.

Vəkil çıxışının sonunda müdafiə etdiyi şəxsin barəsində olan hökmün ləğv edilməsini, ona bəraət verilməsini istəyib. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.

Qərara görə, Namiq Novruzovun apelyasiya şikayəti təmin edilməyib.


Müəllif: Hacı Zeynalov