16 Aprel 2018 10:45
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı və Sumqayıt şəhərlərində bir qrup vətəndaşın pulunu ələ keçirməkdə təqsirləndirilən 1977-ci il təvəllüdlü Elvin Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Elvin Muradov Lətif İsmayılovun etibarından sui-istifadə etməklə, ona Sumqayıt şəhəri Metallurq bağlar massivi ərazisində 12 sot torpaq sahəsini 48.000 manata almağa kömək edəcəyinə vəd verib.

Bu məqsədlə Elvin Muradov ondan 2014-cü ilin iyununda Metallurq bağlar massivi ərazisində 7000 manat, 2014-cü ilin avqustunda Bakı şəhəri Səbail rayonu 20-ci sahə ərazisində 8000 manat, 2014-cü ilin oktyabrın ortalarında Sumqayıt bədəliyyəsinin inzibati binasının yanında 10.000 manat alıb. Vədinə əməl etməyərək, zərərçəkmişə ümumilikdə 25.000 min manat ziyan vurub.

Bundan başqa, o, 2015-ci ilin mart-aprel aylarında Gülsarə Mirzəyevanın oğlu Elməddin Mirzəyevi 3000 manata Neft Şirkətinə mühafizəçi işinə düzəldəcəyini deyib. Aldatma yolu ilə Gülsurə Mirzəyevadan yaşadığı Xəzər rayonu, Buzovna qəsəbəsindəki evində ayrı-ayrı vaxtlarda 3170 manat alıb.

Daha sonra Elməddin Muradov həmin ilin martında Famil Orucovu Neft Şirkətində xarici gəmilərin mühafizəsi işinə düzəldəcəyi ilə aldadıb. Bu məqsədlə ondan ayrı-ayrı vaxtlarda hissə-hissə, Bakı şəhəri Koroğlu metrosunun yaxınlığında 1500, Bakı şəhəri Sahil metrosunun yaxınlığında 800, Xırdalan şəhərində 500, “20 Yanvar” metrostansiyası yaxınlığında 200 və “28 May” metrostansiyası yaxınlığında 100 manat məbləğində pul alıb.

Dələduzluq əməlini davam etdirən Elvin Muradov növbəti dəfə Bakı şəhər sakini Pəhlivan Fattayevə qarşı dələduzluq edib.

O, 2015-ci ilin martında Pəhlivan Fattayevi Neft Şirkətində xarici gəmilərin mühafizəsi işinə düzəldəcəyinə vəd edərək, ondan 2870 manat alıb.

Bundan əlavə, Elvin Muradov özünü Neft Şirkətinin hüquqşünası kimi təqdim edərək Xırdalan şəhər sakini Azər Nəzərlini aldadıb. O, Azər Nəzərlini 1000 manata Dövlət Neft Şirkətinə sürücü düzəldəcəyini vəd edib.

Elvin Muradov ondan 2016-cı ilin yanvar ayında hissə-hissə, əvvəlcə 600, sonra 330, daha sonra isə 72 manat alaraq, dələduzluq edib.

İstintaq orqanı tərəfindən Elvin Muradova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Muradov 7 il 10 ay 14 gün müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Elvin Muradov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, daha yüngül cəza təyin edilməsini xahiş edib.

Onun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Hüseyn Nəbiyevin icraatında araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim kollegiyası sonda qərar elan edib. Qərara görə, Elvin Muradovun barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Elvin Muradovun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi həmin məcəllənin 178.2.2-ci (təkrar dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddlərinə tövsüf edilib. Onun cəzası 5 il 4 ay 14 günə endirilməsi barədə qərar qəbul edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər