Göygöl şəhərində qətl törətməkdə təqsirli bilinən 1952-ci il təvəllüdlü Semur Muradovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Kəramət Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, Göygöl şəhərinin Rövşən Nəsibov küçəsində yaşayan 1949-cu il təvəllüdlü Qəzənfər Musayev bıçaqlanaraq öldürülüb. Məlum olub ki, Qəzənfər Musayev həmyerlisi Semur Muradov tərəfindən qətlə yetirilib.
Onlar hadisədən əvvəl Qəzənfər Musayevin evində yeyib-içiblər.
Daha sonra onların arasında mübahisə yaranıb.
Mübahisəyə səbəb Semur Muradovun Qəzənfər Musayevlə olan keçmiş xatirələrini yada salması olub.
Bu isə ev sahibinin xoşuna gəlməyib. Onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Semur Muradov stolun üstündə olan bıçaqla Qəzənfər Musayevə bir neçə bıçaq xəsarəti yetirib.
Cinayəti törədən Semur Muradov hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən yaxalanması mümkün olub.
İstintaq araşdırması zamanı məlum olub ki, Semur Muradov əvvəllər məhkumluq həyatı yaşayıb.
Istintaqa ifadə verən Semur Muradov törətdiyi əməli etiraf edib. O bildirib ki, hadisəni içkinin təsiri altında törədib: “İçkili idik ikimiz də, bıçağı əlimdən almaq istəyirdi. İkimiz də yerə yıxıldıq, bu mənim üstümə yıxılmışdı. Əllərini çiynimə qoyub, ayağı ilə məni vururdu. Mənim də bir əlim işləmir, əlil adamam, içkili idim, bıçaqla onu vurdum”.
Növbəti proses aprelin 20-də davam edəcək.