Şəki şəhərində silahlı basqın etməkdə təqsirli bilinən 27 yaşlı Roman Rəsulov və 25 yaşlı Tacı Mənəflinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, bu il yanvarın 25-də Roman Rəsulovla Tacı Mənəfli Şəki rayonun Kiçik Dəhnə kəndi ərazisində fəaliyyət göstərən “Dəhnə Petrol” yanacaqdoldurma məntəqəsinə gəlib.
Onlar məntəqənin yardımçı otağın pəncərə şüşəsini sındıraraq içəri giriblər, operatorları bıçaq və taxta parçası ilə hədələyərək pul tələb ediblər. Üzərində maska olan həmin şəxslər Şəki polisinin əməliyyat tədbirləri ilə ələ keçiblər. Kiçik Dəhnə kənd sakinləri Roman Rəsulov və Tacı Mənəfli həbs eidliblər.
Saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən onlara məxsus “VAZ 2107” markalı avtomobilə baxış keçirilib və oradan 2 ədəd idman papağından hazırlanmış maska, 1 ədəd bıçaq, 1 ədəd yapışqanlı lent, 1 ədəd idman şalvarı və gödəkcə aşkar edilib.
Hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək), 181.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə quldurluq törətmək) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.
Növbəti məhkəmə iclası mayın 2-nə təyin edilib.