Bakıda qadını şantaj yolu ilə pul tələb etməkdə təqsirli bilinən Elman Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Yasamal rayon Məhkəməsində hakim Ramin Qurbanovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, Bakı şəhər sakini, 42 yaşlı Samirə Mustafayeva (ad və soyad şərti verilib – red.) sosial şəbəkələrdən birində Elman adlı şəxslə tanış olub.
Onlar bir neçə vaxt sosial şəbəkədə danışandan sonra münasibətləri istiləşib. Bundan sonra sosial şəbəkədə həm görüntülü danışıblar, həm də bir-birlərinə intim şəkillərini göndəriblər.
Elman Samirə Mustafayevanın şəxsi həyatı ilə bağlı məlumatlar əldə edib, daha sonra onu şantaj etməyə başlayıb. Qadından pul tələb edən Elman əks təqdirdə görüntülü danışığını videosunu və göndərdiyi şəkilləri sosial şəbəkədə yayacağı ilə hədələyib. Bu hədələrlə o, qadından iki dəfəyə 100 manat alıb.
Sonuncu dəfə Elman Samirə Mustafayevadan 500 manat verməsini tələb edib.
Qadın şantaj olunması ilə bağlı Yasamal rayon Polis İdarəsinə müraciət edib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində qadını şantaj edən 41 yaşlı Elman Bəşirov həbs edilib.
İstintaq orqanı tərəfindən Elman Bəşirovun barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs qismində ifadə verən Elman Bəşirov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, zərərçəkmişdən hədə-qorxu gələrək pul alıb.
Onun sözlərinə görə, sosial şəbəkədə tanış olduğu qadından intim fotolarını istəyib: “Əvvəlcə mən özüm ona intim foto göndərdim. Sonra da o, mənə göndərdi. Mən də həmin fotolarla qadını şantaj etdim”.
Növbəti proses iyunun 13-də davam edəcək.