Xaçmazda oğurluqda təqsirli bilinən 1990-cı il təvəllüdlü Kamil Təhməzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Kamil Təhməzov 7 may 2016-cı il tarixdə, saat 4 radələrində sərxoş vəziyyətdə Xaçmaz şəhəri, H.Zərdabi küçəsindən Bəhruz Novruzova məxsus VAZ 21011 markalı avtomobili qaçırıb.
O, avtomobili Xaçmaz-Xudat yolunun Köhnə Xaçmaz kəndi ərazisindən keçən hissəsində yol nişanı dirəyinə vurub.
Daha sonra Kamil Təhməzov həmin gün saat 5 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində Abgül İsayevə məxsus VAZ 21061 markalı avtomobili qaçırıb. O, avtomobillə Xaspoladoba kənd yoluna gəlib və orada avtomobili ataraq gedib.
İstintaq orqanı tərəfindən Kamil Təhməzova Cinayət Məcəlləsinin 185.2.2-ci (talama məqsədi olmadan qanunsuz olaraq təkrar avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi Xaçmaz rayon Məhkəməsində araşdırılıb. Kamil Təhməzov 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Kamil Təhməzov apelyasiya şikayəti verib.
Onun şikayəti Sumqayıt Apelyasiya Məhkəməsində hakim Hüseyn Nəbiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Təqsirləndirilən Kamil Təhməzov bildirib ki, 25 dekabr 1990-cı ildə Xaçmaz şəhərində anadan olub, 8 may 2016-cı ildə Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə təqsirli bilinərək Xaçmaz rayon polis şöbəsi tərəfindən həbs olunub: “Bu maddəyə əsasən Xaçmaz rayon Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli hökmü ilə 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşam. Birinci instansiya məhkəməsi tərəfindən işimə düzgün baxılmayıb. Xaçmaz rayon Məhkəməsinin hökmünü ədalətsiz hesab edirəm. Heç bir şahid və sübut olmadan həbs olunmuşam. Mənim bu cinayətlə əlaqəm yoxdur”.
Kamil Təhməzovun sözlərinə görə, əvvəllər bu maddə ilə təqsirli bilinərək 2 dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Qeyd edib ki, sonuncu cinayət baş verən vaxt evdə olub və heç bir maşını qaçırmayıb: “İbtidai istintaq vaxtı ifadəmdə nə yazılıb, onu bilmirəm. Mənə ifadəmdə nə yazıldığını deməyiblər. Müstəntiq mənə 1-2 sənəd imzalatdırıb. Onların nə sənəd olduğunu bilməmişəm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, qaçırdığı iddia olunan maşınlardan birinə ziyan dəyib və həmin ziyanı anası ondan xəbərsiz ödəyib: “Anam ziyanı məndən xəbərsiz ödəyib, mənim tutulmağımı istəməyib”.
Onun sözlərinə görə, aparılan maşınların biri onların evindən təxminən 3 kilometr, o biri maşın isə 9 kilometr aralı olub: “Birinci instansiya məhkəməsində radarları tələb eləmişəm. Çünki maşınlar aparılan yerdə təhlükəsizlik kameraları və radar var. Ancaq buna əhəmiyyət verilmədi. Məhkəmənin hökmü ilə mənə təyin olunmuş cəzanı çox ağır hesab edirəm”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə baş verən günü anasi, bacısı, yeznəsi və özü bir yerdə olublar: “Həmin gün gecə saat 3-də bacım mənə zəng vurub, ancaq telefonu yatdığım üçün açmamışam. Gecə bacım bizə gəldiyinə görə mənə zəng vurub. Bacım kafedə işləyir, kafe də bizim evə yaxındır. Çox gec olanda bacım öz evlərinə getmir, bizə gəlir. Zəng vururmuş ki, qapını bağlamayım, açıq qoyum. Bacım da telefona cavab vermədiyimə görə narahat olub, sonra da bizə gəlib və hara getdiyimi anamdan soruşub. Anam da bacıma mənim yatdığımı deyib.
Bacım da qapıdan baxanda görüb ki, evdəyəm. Bacımgilin evi bizim evdən təxminən 2 kilometr aralı olar”.
Kamil Təhməzovun sözlərinə görə, səhər sahə müvəkkili onlara gəlib və onu şöbəyə aparıb: “Şöbədə polis işçisi məndən gecə saat 3-də harda olduğumu soruşdu. Ona evdə olduğumu və gecə böyük yeznəm Tofiq Usubovla birlikdə araq içdiyimi dedim. İşlətdiyim telefon balaca yeznəm Tamerlanın adınadır. Mənə zəng vuran bacım Kəmalə olub”.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Kamil Təhməzovun apelyasiya şikayəti təmin edilməyib.