Qubada 4 yaşlı uşağın ölümündə təqsirli bilinən Lalə İsrafilovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə Lalə İsrafilovanın vəkili Əli Hüseynov çıxış edib.
O qeyd edib ki, ki, istintaq orqanı tərəfindən Lalə İsrafilovaya əsassız ittiham irəli sürülüb.
Vəkilin sözlərinə görə, zərərçəkmiş şəxs öz ehtiyatsızlığı səbəbindən yıxılıb: “Lalə İsrafilova uşağa əl vurmayıb. Onu həyətdən çıxararkən, uşaq qaçıb və ayağı ilişərək yıxılıb. Nəticədə bu bədbəxt hadisə baş verib. Hesab edirəm ki, Lalə İsrafilovanın əməlində cinayət tərkibi yoxdur”.
Vəkil onu da qeyd edib ki, məhkəmə tibbi ekspertizaının rəyinə əsasən, uşağın ölüm faktı yıxılma və başının yerdəki daşa dəyməsinə uyğundur.
Vəkil çıxışının sonunda azyaşlı uşağın ölümündə hüquqlarını müdafiə etdiyi şəxsin günahsız olduğunu və onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.
Daha sonra Lalə İsrafilovaya son söz verilib. O, son sözə hazır olmadığını deyib və məhkəmədən vaxt istəyib.
Növbəti proses iyunun 22-də davam edəcək.
Qeyd edək ki, prokuror Lalə İsrafilovanın 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, 2017-ci il mayın 9-da Quba rayonunun Bərqov kəndində 2013-cü il təvəllüdlü Fuad Mustafazadə ailəsinin münasibəti olmadığı 1971-ci il təvəllüdlü Lalə İsrafilovanın həyətinə icazəsiz daxil olub.
Azyaşlı həyətdəki gülləri yolub, Lalə İsrafilova bunu görüb və uşağın həyətdən çıxmasını istəyib. Uşaq həyətdən çıxmadığı üçün Lalə İsrafilova onu qovub.
Fuad Mustafazadə qadından qorxaraq həyətdən qaçmağa başlayıb. Həyət darvazasından çıxarkən uşaq küçədə yıxılıb və baş nahiyəsindən aldığı xəsarət nəticəsində dünyasını dəyişib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir.