15 Avqust 2014 16:46
851

Avqustun 15-də Daxili İşlər Nazirliyində bu il Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunların zabit vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib.

Teleqraf.com-un xəbərinə görə, tədbiri giriş sözü ilə açan respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ilk öncə qeyd edib ki, bu il Polis Akademiyasının əyani şöbəsini bitirmiş 120 nəfərin təyinatı şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında püşkatma yolu ilə həyata keçirilib.

Nəticədə DİN-in müvafiq əmrləri ilə məzunlardan 44 nəfəri Bakı Şəhər Baş Polis İdarəsinin orqan və hissələrində, 76 nəfəri isə daimi yaşadıqları yerlər üzrə respublikanın ərazi polis qurumlarında zabit vəzifələrinə təyin ediliblər.

Gənc əməkdaşları həyatlarında ən əlamətdar günlərdən biri - zabit paqonu daşımaq şərəfinə nail olmaları və zabit vəzifələrinə təyin edilmələri münasibəti ilə təbrik edən nazir, son illər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasətinin həyata keçirilməsində də böyük uğurların qazanıldığını vurğulayıb, ölkə rəhbərliyinin gənclərə hər zaman diqqət və qayğı göstərdiyini, yüksək mənəvi və iş keyfiyyətlərinə malik bacarıqlı və istedadlı gənclərin ölkəmizin ictimai-siyasi həyatında daha geniş şəkildə təmsil olunmaları, onların dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilməsi üçün bütün zəruri addımların atıldığını, hazırkı tədbirin də bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

R.Usubov Polis Akademiyasında aldıqları nəzəri biliklərin praktiki tətbiqində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, inamla inkişafa doğru getmələrini, xalqa və vətənə sədaqətli xidmətləri ilə polis adını həmişə uca tutmalarını gənc zabitlərə tövsiyə edib.

Nazir qeyd edib ki, insan və vətəndaş hüquq və azadlıqlarını nümunəvi qorumaq, vətəndaşların qəbuluna və müraciətlərinə hər zaman xüsusi diqqət və həssaslıqla yanaşmaq hər bir əməkdaşın, o cümlədən gənc polis zabitlərinin ümdə vəzifəsidir.

Nazir əmin olduğunu bildirib ki, bu gün respublikamızın daxili işlər orqanlarının zabit heyəti sıralarına yenicə qoşulmuş gənc əməkdaşlar qarşıya qoyulmuş tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcək, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial olacaq, ölkəmizdə asayişin nümunəvi təminində öz səylərini əsirgəməyəcək, onlara göstərilmiş etimadı əməli fəaliyyətlə doğruldacaqlar.

Tədbirin sonunda gənc zabitlərin suallarını cavablandıran nazir onları narahat edən bəzi problemlərin həlli üçün DİN-in aidiyyatı qurumlarına müvafiq tapşırıqlarını verib.


Hacı Zeynalov


Müəllif: