Bakının Binəqədi rayonunda qətl törətməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Mirzağa Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Binəqədi rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, cinayət işi üzrə material baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Novruz Kərimovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 1-nə təyin edilib.
İttihama görə, Binəqədi rayonu ərazisində yerləşən “Köhnə Bakı” kafesində ofisiant Mirzağa Məmmədov aralarında yaranmış mübahisə zəminində müştəri, 1999-cu il təvəllüdlü Çingiz Qədirlini bıçaqlayaraq qətlə yetirib.
Məlum olub ki, Mirzağa Məmmədovla Çingiz Qədirli tanış olublar. Həmin hadisə baş verən vaxt Çingiz Qədirli Mirzağa Məmmədovla zarafat edib. Onun şit zarafatlarına dözməyən Mirzağa Məmmədov bıçağa əl atıb.
İstintaq orqanı tərəfindən Mirzağa Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.