Şamaxı rayonunda qadını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Rəhim Bağırovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə qətlə yetirilən Badam Bağırovanın qohumları çıxış ediblər.
Onlar təqsirləndirilən şəxsin cinayəti tək deyil, bir neçə şəxslə birlikdə törətdiyini iddia ediblər.
Hakim bildirib ki, təqsirləndirilən şəxs anlaqsız olduğu üçün onun qanuni nümayəndəsinin məhkəmədə iştirakı vacibdir. Buna görə qanuni nümayəndənin iştirakını təmin etmək məqsədilə Şamaxı Rayon İcra Hakimiyyətinin əməkdaşı məhkəməyə çağırılıb.
Növbəti proses avqustun 3-də davam edəcək.
İttihama görə, ötən il noyabrın 13-də Şamaxı şəhəri, Azadlıq küçəsindəki 52 saylı mənzildə yaşayan 1960-cı il təvəllüdlü Badam Bağırova öldürülüb.
Müəyyən edilib ki, onu bir neçə il əvvəl dünyasını dəyişən ev sahibi Hacı Bağırovun birinci arvadı ilə nikahından olan oğlu, 1957-ci il təvəllüdlü Rəhim Bağırov törədib.
Rəhim Bağırov qadını amansızlıqla qətlə yetirdikdən sonra onun meyitini yaşadığı evin həyətindəki köhnə su quyusuna atıb. Sonra meyitin gizlədilməsi üçün onun üstünə daş və torpaq, ağac yığıb.
Badam Bağırova Hacı Bağırovun ikinci arvadı olub və onunla birgə nikahdan bir övladı var. Hacı Bağırov dünyasını dəyişsə də, hər iki qadın öz övladları ilə birgə eyni həyətdə yaşayıb.
Mərhum Badam Bağırovanın övladı noyabrın 13-də məktəbdən evə gəldikdən sonra anasını tapmayıb. O, axşama kimi anasını axtarıb və itkin düşməsi barədə polis əməkdaşlarına məlumat verib.
Axşam saatlarında Şamaxı rayon polis şöbəsinin əməkdaşları itkin Badam Bağırovanın meyitini yaşadığı evin həyətindəki köhnə su quyusundan, torpağın altından çıxararaq müayinə üçün Respublika Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil veriblər.
Qətli törədən Rəhim Bağırov saxlanılaraq istintaqa təhvil verilib. 8 il məhkumluq həyatı yaşayan Rəhim Bağırov qətli törətməmişdən bir neçə ay əvvəl həbsdən azad edilmişdi.
İstintaq orqanı onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham elan edilib.