Bakıda daha bir sərnişin avtobusu sürücüsünün iş başında narkotik maddə qəbul etdiyi müəyyənləşdirilib.
Hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, iyulun 29-da Əhmədov Natiq Vaqif oğlu “İsuzu” markalı, 90-RB-454 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə hərəkətdə olan zaman qaranlıq vaxtı uzaq vuran işıqlardan istifadə etdiyi üçün Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol Patrul Xidməti (YPX) inspektoru Tural Həsənov tərəfindən saxlanılıb.
Yoxlama zamanı sürücü Natiq Əhmədovda sərxoşluq əlamətləri özünü aşkar büruzə verdiyindən o, tibbi müayinəyə dəvət olunub. Tibbi müayinə zamanı N.Əhmədovun narkotik vasitə (THC OPİ) qəbul edərək sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi təsdiq olunduğundan “İsuzu” markalı, 90-RB-454 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu idarə etmədən kənarlaşdırılaraq mühafizə olunan duracağa yerləşdirilib, habelə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 334.5-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunub.
N.Əhmədov barəsində Məcəllənin 334.5-ci maddəsi üzrə toplanan material aidiyyəti üzrə baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə N.Əhmədovun 3 ay müddətinə inzibati qaydada həbs olunmasına dair iş üzrə qərar qəbul edilib.
Həmçinin araşdırma zamanı müəyyən olunub ki, Natiq Əhmədov bu ilin fevral ayının 28-də analoji hüquqpozmaya yol verdiyinə görə saxlanılıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə Məcəllənin 334.1-ci maddəsi üzrə təqsirli bilinərək 10 gün müddətinə həbs olunub.