3 Avqust 2018 16:07
1 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda ittiham olunan “Dağlar” MTK-nın sədri Şahin Əliyev barəsində olan məhkəmə qərarından verilən kasasiya protestinə baxılıb.

Teleqraf.com-un məlumatına görə, baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər əsasına qaldırılmış cinayət işinin istintaqı zamanı müəyyən olunub ki, “Dağlar” MTK-nın sədri Şahin Əliyev rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədib, öz qulluq mövqeyindən istifadə etməklə zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla onlara qarşı dələduzluq edib, onların etibarından sui-istifadə etməklə əmlaklarını ələ keçirib.

İstintaq müəyyən edib ki, Elçin Bağırov “Dağlar” MTK-nın sədri Şahin Əliyevlə əlbir olaraq zərərçəkmiş şəxslərin etibarından sui-istifadə etməklə onlara qarşı dələduzluq edib.

O, Şahin Əliyevin sədri olduğu MTK-nın inşa etdiyi Bakı şəhəri, Nərimanov rayonu, 855-ci məhəllə, Təbriz küçəsi 63 ünvanında yerləşən, Vera Volkovaya satılmış mənzili Yaqub Həbibbəyliyə göstərərək 148 min dollara satıb. Əldə olunan məbləği Şahin Əliyevlə öz aralarında bölüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahin Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Şahin Əliyevlə birlikdə ittiham olunan Elçin Bağırov barəsində isə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd olunan hökmlə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 27 fevral 2015-ci il tarixli qərarı ilə Sevinc Rzayevanın adına rəsmiləşdirirlmiş Nərimanov rayonu, 855-ci məhəllə, Təbriz küçəsi, 63 ünvanda inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs və Binəqədi rayon məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə Bella Əliyevanın adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 №-li evin 16-17, 19 №-li mənzillərin üzərinə qoyulmuş həbs götürülüb.

Bu hökmdən prokuror kasasiya protesti, zərərçəkmişlər isə kasasiya şikayəti veriblər. Prokuror və zərərçəkmişlər üzərindən həbs götürülən əmlakların yenidən müsadirə edilməsini, cinayət işi üzrə zərərçəkmişlərə dəymiş ziyan olaraq ödənilməsi tələbi qoyulub.

Prokuror həmçinin təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib.

Təqsirləndirilən Şahin Əliyev də apelyasiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini istəyib.

Bakı Apelyasiya Məhkəməsinin 26 noyabr 2016-cı il tarixli qərarı ilə mülklər yenidən müsadirə edilib. Bundan sonra Şahin Əliyev və ailə üzvləri Ali Məhkəməyə kasasiya şikayəti verib. Onların kasasiya şikayəti təmin edilib və iş üzrə qərar ləğv edilərək, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Bu dəfə apelyasiya instansiyasında işə hakim Mirpaşa Hüseynovun sədrliyi ilə baxılıb. Hakim heyəti protest və şikayətləri təmin etməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Bu qərardan narazı qalan prokuror və zərərçəkmişlər Ali Məhkəməyə kasasiya protesti və şikayəti veriblər.

Bu günlərdə Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada prokurorun protesti üzrə qərar elan edilib. Qərara görə, prokurorun protesti üzrə şikayət təmin edilib. Şahin Əliyevlə bağlı hissədə Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Qərarda göstərilib ki, Şahin Əliyevin yaxın qohumu Bella Əliyevaya məxsus Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17,19 saylı mənzillərinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair hissəsi ləğv edilib və həmin hissədə iş yenidən apelyasiya instansiyasında araşdırılacaq.

Yaxın günlərdə iş materialları araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılacaq.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər