21 Avqust 2018 10:20
1 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində ata və qızını odlu silahla qətlə yetirməkdə ittiham olunan 1990-cı il təvəllüdlü Məsim Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, Gəncənin Nizami rayon Məhkəməsində hakim Ayaz Mahmudovun sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanını təqdimatı təmin edilib.

Məsim Məmmədovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, hadisə avqustun 18-də Gəncə şəhərinin Bağbanlar küçəsi, birinci döngə, ev 1-də baş verib.

Daşkəsən rayon sakini Məsim Məmmədov qayınatası, 62 yaşlı Namiq Əkbərovun evinə gələrək onu, həmçinin ata evində olan həyat yoldaşı, 1991-ci il təvəllüdlü İlahə Əkbərovanı odlu silahdan atəş açaraq qətlə yetirib.

Atəş zamanı pəncərə şüşəsinin qırılaraq yerə tökülməsi nəticəsində mərhum Namiq Əkbərovun həyat yoldaşı, 1969-cu il təvəllüdlü Arzu Əkbərova da xəsarət alıb.

Qadın dərhal xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, avqustun 17-də Məsim Məmmədovla İlahə Əkbərova boşanma ərəfəsində olublar.

Lakin təyin edilən məhkəmə prosesi təxirə salınıb.

Məsim Məmmədov arvadından boşanmaq istəməyib.

Bu səbəbdən o, avqustun 18-də qayınatasının evinə gəlib. Amma arvadı Məsim Məmmədova müsbət cavab verməyib və ondan boşanmaqda israrlı olduğunu deyib.

Buna görə də onların arasında mübahisə yaranıb.

Mübahisə zamanı Məsim Məmmədov özü ilə gətirdiyi odlu silahdan açdığı atəş nəticəsində cinayət hadisəsini törədib.

İstintaqa ifadə verən Məsim Məmmədov törətdiyi cinayəti etiraf edib. O, əməlindən peşman olduğunu söyləyib.

Qətlə yetirilən Namiq Əkbərov həkim olub.

İstintaq orqanı tərəfindən Məsim Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmək) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər