Bakıda banka basqın etməkdə təqsirli bilinən 1967-ci il təvəllüdlü Nazim Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, Nazim Məmmədovun apelyasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Nazim Məmmədov apelyasiya şikayəti verib, o barəsində yüngül cəza təyin edilməsini xahiş edib.
İttihama görə, hadisə bu il yanvarın 18-də saat 13 radələrində “Turan Bank” ASC-nin Yasamal filialında baş verib.
Filiala gələn Nazim Məmmədov qəfil hərəkətlə orada müştəri olan 1967-ci il təvəllüdlü Səriyyə Nəcəfovanın arxasına keçib və mətbəx bıçağını boğaz nahiyəsinə dirəyib.
Həmin şəxs xəzinədar Kənan Miriyevdən pul verməsini, əks halda qadını öldürəcəyini deyib. Həmin vaxt kassada ümumilikdə 198 min 345 manat olub.
Bu zaman mühafizə siqnalizasiyası işə düşüb və hadisə yerinə polis əməkdaşları cəlb edilib. Polis əməkdaşları həmin şəxsi tərksilah edərək tutub. Həmçinin ondan soyuq silah hesab edilən bıçaq götürülüb.