Bakıda iki nəfərin ölümünə səbəb olan sürücü Şamil Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə mərhum Vüsal Quliyevin hüquqi varisi, anası Rəfiqə Quliyeva çıxış edib.
O, bildirib ki, Şamil Həsənov hadisə zamanı avtomobilin sürət həddini aşıb.
Şamil Həsənov isə sürət həddini aşmadığını, avtomobili normal idarə etdiyini deyib.
Daha sonra məhkəmə sürət həddinin müəyyən olunması üçün cinayət işini yenidən ekspertizaya göndərilməsi barədə qərar çıxarıb. Bu səbəbdən proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, yol-nəqliyyat hadisəsi bu il martın 12-də Sumqayıt şəhərində baş verib.
Şamil Həsənovun sərxoş halda idarə etdiyi “Hyunday Azera” markalı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozub.
Nəticədə Eldar Həsənovun idarə etdiyi 50 BE 671 dövlət qeydiyyat nişanlı “Oka” markalı avtomobillə toqquşub.
Eldar Həsənov və sərnişin Vüsal Quliyev hadisə yerində vəfat edib.
Şamil Həsənov AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənovun qardaşıdır.