Bakıda cinayət törətməkdə təqsirli bilinən Anar Mehtiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, bu il mayın 20-də, saat 00.30-da paytaxtın Nəsimi rayonu ərazisində mübahisə zamanı Anar Mehtiyev mübahisə zəminində Fərhad Ağayevi döyərək, ona ağır bədən xəsarəti yetirib.
Bu fakt üzrə Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Mayın 22-də Anar Mehtiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Bununla yanaşı, Anar Mehtiyevin şübhəli şəxs qismində tutulduqdan sonra Nəsimi rayon Polis idarəsinin müvəqqəti saxlama yerinə aparılarkən idarənin post-patrul xidməti bölüyünün polis nəfəri Elnur Alıyevə üz nahiyəsinə yumruq zərbələri vuraraq ona həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edib.
Bu fakta görə Nəsimi rayon Prokurorluğunda 23 may 2018-ci il tarixdə Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi açılıb.
İstintaq araşdırması zamanı Fərhad Ağayevə yetirilmiş xəsarətin həyat üçün təhlükəli olması nəzərə alınıb.
Bu səbəbdən Anar Mehtiyevə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin məcəllənin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib.
Məhkəmə baxışı oktyabrın 10-na təyin edilib.