Ağstafa rayonunda 3 ay əvvəl baş verən ağır cinayətin üstü açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, cari il iyulun 27-də Ağstafa rayonunun Saloğlu qəsəbəsi ərazisindəki fermaya gəlmiş Qıraq Kəsəmən kənd sakini Abil Əliyev münaqişə zəminində fermanın sahibi Cəmil Əliyevi tapançayla öldürəcəyi ilə hədələyib və sonuncu onun əlindən tapançanı almağa cəhd göstərərkən 1 dəfə atəş açılıb, xəsarət alan olmayıb.
Görülmüş tədbirlərlə Abil Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb, hadisəni törədərkən istifadə etdiyi tapança və içərisində 3 ədəd patron olan patron darağı, habelə 1 ədəd giliz götürülüb, bu zaman onun sərxoş halda olması müəyyən edilib.
Araşdırmalarla Abil Əliyevin qeyd edilən tapançanı Ağstafa şəhər sakini Qurban Yusifova məxsus Poylu kəndi ərazisindəki çoban işlədiyi fermadakı dolabdan tapması müəyyən edilib.
Qurban Yusifov Ağstafa rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
O, qeyd edilən “Beretta 1934” markalı silahı tapdığını bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Hər iki şəxs məsuliyyətə cəlb edilib.
Hazırda istintaq tədbirləri davam etdirilir.