İranlı şərikini döyməkdə və onu qanunsuz azadlıqdan məhrum etməkdə təqsirli bilinən Dilsuz Dəmirçiyev barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Teleqraf.com xəbər verir ki, bu gün Səbail rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə baş tutan prosesdə təqdimat təmin olunub.
Məhkəmə Dilsuz Dəmirçiyev barəsində həbs qətimkan tədbirini 2 ay müddətinə artırıb.
İran vətəndaşı Vakili Razlighi Alinin qanunsuz azadlıqdan məhrum edilməklə döyülərək xəsarət alması barədə müraciəti Bakı şəhər prokurorluğunda araşdırılıb.
Araşdırma zamanı bu il mayın 14-də paytaxtın Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Ellips” gecə klubunun sahibi Dilsuz Dəmirçiyevin şəriki Razlighi Vakilini qanunsuz azadlıqdan məhrum etməsi və döyərək az ağır bədən xəsarəti yetirməsinə şübhələr olduğundan faktla əlaqədar Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb.
Dilsuz Dəmirçiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham elan edilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Dilsuz Dəmrçiyev Bakı şəhərində fəaliyyət göstərən “Ellips”, “Otto”, “Süfrə”, “Status” “Malibu” adlı məşhur gecə klublarının sahibidir.