Tanınmış modelyer Leyla Əhmədovaya qarşı cinayət törətməkdə təqsirləndirilən Nizami Ağayev, Azər Lütfəliyev və Ceyhun Eyvazovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş şəxs qismində tanınan modelyer Leyla Əhmədova iştirak etməyib.
Hakim bildirib ki, Leyla Əhmədova məhkəməyə ərizə ilə müraciət edərək, səhhətində problem yarandığını, xəstəxanaya yerləşdirildiyini bildirib.
Bu səbəbdən o, məhkəmə iclasına gələ bilməyib.
Hakim qeyd edib ki, zərərçəkmiş şəxsin və ya nümayəndəsinin iştirakı olmadan iclas aparıla bilməz.
Məhkəmə iclası dekabrın 12-dək təxirə salınıb.
Qeyd edək ki, iş üzrə modelyerə dəymiş ziyan 100 min manatdan çoxdur.
Leyla Əhmədova hüquq-mühafizə orqanlarına şikayət edərək bildirib ki, 2014-cü ildə Bakının Cəfər Cabbarlı küçəsi, 29 ünvanında yerləşən obyekti Ağayev Nizami Tofiq oğlu və Lütfəliyev Azər İsaq oğlundan icarəyə götürüb.
Onun sözlərinə görə, bir zirzəmi və 3 mərtəbədən ibarət obyekti ilkin razılıqla aylıq 24 min manata icarəyə götürüb. Obyekt sahibləri ilə Leyla Əhmədova arasında əldə olunan razılaşmaya əsasən, icarədar burda təmir işləri aparmalı və xərclədiyi vəsait hissə-hissə aylıq icarə pulundan çıxılmalı imiş.
Leyla Əhmədovanın sözlərinə görə, təmirə başlayandan bir müddət sonra Nizami Ağayev ona maneçiliklər törətməyə başlayıb.
Ümumilikdə Leyla Əhmədovaya 1 milyon 100 min manat ziyan dəyib.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə cinayət işi başlanıb.