16 Yanvar 2019 15:00
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda tanışını öldürməkdə təqsirləndirilən Pənah Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, qətl hadisəsi ötən il iyunun 2-də Bakı şəhərində baş verib.

Pənah Səmədov əvvəllər tanıdığı Röyal Rəhimova 40 manat məbləğində elektroşok cihazı satıb.

Röyal Rəhimov isə 25 manat ödəyib, 15 manat borclu qalıb.

Pənah Səmədov Röyal Rəhimovun 15 manat borcu xeyli müddətdir ödəməyini əsas gətirərək onunla görüşmək qərarına gəlib.

Görüş zamanı hər iki şəxs arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib.

Dava zamanı Pənah Səmədov Röyal Rəhimova yumruq zərbələri endirməklə onu döyüb. Sonuncu xəstəxanaya çatdırılsa da, 6 gün sonra dünyasını dəyişib.

İttihama münasibət bildirən Pənah Səmədov özünü təqsirli bilməyib.

Daha sonra zərərçəkmişin hüquqi varisi Dilarə Rəhimova ifadə verib. O deyib ki, mərhum Röyal Rəhimovun anasıdır.

Dilarə Rəhimovanın sözlərinə görə, oğlu taksi sürücüsü olub. Hadisə günü evə pis vəziyyətdə qayıdıb və dalaşdığını deyib: “Oğlum bildirdi ki, alçaq məni arxadan vurdu. Bu adam mənim oğlumun başına beysbol ağacı ilə vurub.

Sonra başı ağrıdığını, yatmaq istədiyini söylədi. Səhəri gün yuxudan oyananda gördüm ki, oğlum pis gündədir. Yerindən qalxa bilmir, əli-ayağı buz kimidir, üzü də göyərib. Təcili yardıma zəng etdim, onlar da uşağı xəstəxanaya apardılar. Oğlum 6 gün komada qaldı, sonra rəhmətə getdi”.

Dilarə Rəhimova qeyd edib ki, hadisə zamanı oğlunu elektroşoka veriblər.

Bu zaman Pənah Səmədov Röyal Rəhimovu döymədiyini deyib. Onunla zərərçəkmiş şəxsin hüquqi varisi ilə aralarında mübahisə yaranıb.

Hakim tərəfləri sakitləşdirib və hər iki şəxsə xəbərdarlıq edib.

Növbəti proses yanvarın 23-də davam edəcək.

İstintaq orqanı tərəfindən Pənah Səmədovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov