27 Fevral 2019 11:45
2 263
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda terrorçuluğu maliyyələşdirməkdə, cinayətkar birlikdə iştirak etməkdə və Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etməkdə təqsirli bilinən İlqar Ağayev, Sahil İbrahimov və Namiq Məmmədovun həbs qətimkan tədbirinin artırılması barədə təqdimata baxılıb.

Teleqraf.com xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə istintaq orqanını təqdimatı təmin olunub.

Təqsirləndirilən şəxslərin işi üzrə əlavə istintaq tədbirlərinin aparılması üçün həbs qətimkan tədbirinin müddəti 3 aya qədər artırılıb.

Qeyd edək ki, ötən ilin noyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətində terrorçuluğa qarşı mübarizə istiqamətində davam edən kompleks araşdırmalar zamanı terror təşkilatı kimi tanınmış dini ekstremist cinayətkar birliyin tərkibində, Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edərək terror aktları törədən şəxslərin gizli maliyyələşdirilməsi təsbit edilib.

Müəyyən edilib ki, Azərbaycan vətəndaşları – İlqar Ağayev, Sahil İbrahimov, Namiq Məmmədov və digərləri 2017-ci ilin oktyabr ayından etibarən Suriya ərazisində silahlı münaqişələr aparan terror təşkilatı üzvləri və onların cinayətkar fəaliyyətlərinin təmin edilməsi məqsədilə ayrı-ayrı ölkələrdəki terror təşkilatının üzvləri tərəfindən göndərilən pul vəsaitlərinin, habelə həmin silahlı münaqişələrdə iştirak edənlərin yaxınları ilə əlaqəyə girib, ümumilikdə 500 min ABŞ dollardan çox pulun müxtəlif yollarla təşkilatın Suriya ərazisində fəaliyyət göstərən üzvlərinə göndərilməsini və çatdırılmasını təmin ediblər.

Qeyd olunan şəxslər cinayət məsuliyyətinə cəlb edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

İstintaq orqanı tərəfindən hər üç təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və 283-1-ci (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma) maddələri ilə ittiham elan edilib.

Fakt üzrə araşdırmalar davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər