Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmişlər Rəşad Tahirov və Hörmət Əsgərov çıxış ediblər.
Rəşad Tahirov ona dəymiş zərərin ödənildiyini deyib. O, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib.
Digər zərərçəkmiş də ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayəti olmadığını qeyd edib.
Növbəti proses martın 13-də davam edəcək.
Prokuror Əvəz Əhmədovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Əvəz Əhmədov Rəşad Tahirov və Hörmət Əsgərovdan 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir.
Əvəz Əhmədovun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Əvəz Əhmədov Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşıdır.