Bakının Nərimanov rayonunda tələbəni qətlə yetirməkdə təqsirli bilinən Ağstafa rayonu Dağ Kəsəmən sakini, 2000-ci il təvəllüdlü Rauf Murğuzovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Rasim Sadıxovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası aprelin 19-na təyin edilib.
Qeyd edək ki, dekabrın 23-də Nərimanov rayonun Atatürk prospektində Ağstafanın Dağ Kəsəmən sakinləri, 2000-ci il təvəllüdlü Rauf Murğuzov həmkəndlisi, 2000-ci il təvəllüdlü Elman Xəlilovla mübahisə edib.
Mübahisə davaya çevrilib və Rauf Murğuzov Elman Xəlilovu bıçaqlayaraq qətlə yetirib.
Öldürülən Elman Xəlilov Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsinin II kurs tələbəsi olub. Rauf Murğuzov isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alırdı.
Məlum olub ki, həmkəndlilər arasında mübahisə qız üstündə yaranıb. Öldürülən Elman Xəlilov 4 bacının tək qardaşı olub. Həmçinin qətli törədən şəxslə uşaqlıq dostu olublar.
Istintaq orqanı tərəfindən Rauf Murğuzovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.