Azərbaycanda insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş qismində Rasim Bayramov ifadə verib.
O bildirib ki, Sahib adlı şəxs onu Fazil Həsənzadə ilə tanış edib: "Fazilin qohumuna böyrək lazım idi. İranda xəstəxanada yoxlamadan keçdik. Sonra Vahibin maşını ilə Gürcüstana getdik, orada əməliyyat olundum".
Bu zaman Vahib Xudadatov qeyd edib ki, Fazil Həsənzadənin qohumuna böyrək lazım olduğu üçün Rasim Bayramova 12 min manat pul verib: "Bu adam yalan danışır. Ona istədiyi pul verilib. Bakıda kirayə ev tutmuşdu, həm də mağaza işlədirdi. Pulun hamısını da ora verib. Hətta ona pul lazım olanda Fazil müəllimə zəng edirdi. Rasimə şəxsən 12 min manat pul vermişəm. Fazil müəllim isə mənə ayrıca 3 min dollar pul verdi".
Rasim Bayramov qeyd edib ki, böyrəni satmamışdan əvvəl 12 min dollar alacağımla bağlı danışıq olub: "Bu puldan sadəcə 2 min dollar verilib və hazırda 8 min dollar tələb edirəm".
Digər zərərçəkmiş Rufan Əhmədli bildirib ki, ölkədə devalvasiya olan zaman işsiz qalıb, maliyyə vəziyyəti çətinləşib. Vəziyyətdən çıxmaq üçün böyrəni satmaq qərarına gəlib: "İnternetdə elan verdim. Sonra Sahib müəllim mənimlə əlaqə saxladı. O, Oqtay adlı şəxsə böyrək lazım olduğunu söylədi. Biz 12 min manata razılaşdıq, İrana getdik.
Amma İranda yox, Gürcüstanda əməliyyat olundum. Onlara verdiyim pulumu almışam. Şikayətim yoxdur".
Növbəti proses aprelin 19-da davam edəcək.
İttihama görə, Vahib Xudadatov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib.
Onun vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil etməsi müəyyən edili.
Cinayət işində 27 zərərçəkmiş var.
Vahi Xudadatov "Qarabağ"ın U-11 komandasının baş məşqçisi Elşad Xudadatovun qardaşıdır.