20 Aprel 2019 18:39
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qətl törətməkdə təqsirli bilinən Tuncay Vəliyev və Fərman Ocaqquliyevin barəsində cinayət işi üzrə materiallar yenidən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Teleqraf.com xəbər verir ki, iş materialı yenidə araşdırlması üçün hakim Azad Məcidovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası aprelin 26-na təyin edilib.

Qeyd edək ki, bundan əvvəl də bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi araşdırma başlanıb.

Həmin dövrdə baş tutan prosesdə Tuncay Vəliyevin vəkili Rəşad Mirmehdizadə çıxış edib.

O, istintaq zamanı ciddi prosessual pozuntulara yol verildiyini deyib. Onun sözlərinə görə, istintaq zamanı Tuncay Vəliyevin həbs qətimkan tədbirinin müddəti başa çatdığı halda prokurorluq işi tələm-tələsik məhkəməyə göndərib.

Vəkil əlavə edib ki, təqsirləndirilən şəxsə şikayət vermək hüququ belə yaradılmayıb. O, pozuntuları aradan qaldırmaq üçün işin yenidən prokurorluğa qaytarılması və obyektiv şəkildə araşdırılmasını istəyib.

Digər təqsirləndirilən Fərman Ocaqquliyevin vəkili də oxşar vəsatətlə çıxış edib və işin yenidən prokurorluğa qaytarılmasını istəyib.

Məhkəmə müşavirədən sonra vəsatətlərlə bağlı qərarı elan edib. İş yenidən araşdırılması üçün prokurorluğa qaytarılıb.

İttihama görə, ötən il iyunun 7-də, gecə saat 3 radələrində Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynov bıçaqla qətlə yetirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tuncay Vəliyev saxlanılıb. Onun yaşadığı evdən narkotik vasitə olan heroin və ambunika aşkar edilərək götürülüb.

Qeyd edək ki, Rəşad Hüseynov taksi kimi fəaliyyət göstərdiyi avtomobilində öldürülüb.

İstintaq araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxslər hadisə yerində olan Taleh Məmmədzadəyə də xəsarət yetiriblər.

İstintaq orqanı tərəfindən aparılan araşdırma zamanı qətlin daha bir iştirakçısı müəyyən edilib. Bu, Fərman Ocaqquliyevdir.

Tuncay Vəliyev və Fərman Ocaqquliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 221.1-ci (xuliqanlıq) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən arkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.

Xatırladaq ki, Tuncay Vəliyev mərhum müğənni Vidadi Bərdəlinin oğludur. Tuncay bir müddət müğənni kimi fəaliyyət göstərib. Onun ögey qardaşı Tural isə bir neçə il əvvəl Bərdədə qətl törətdiyinə görə həbs edilib.


Müəllif: Hacı Zeynalov