15 May 2019 10:30
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda anasını öldürməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Cəmil İslamovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Qərara görə, Cəmil İslamovun cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəmil İslamov 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, qətl hadisəsi ötən ilin fevralın 25-də Ələt qəsəbəsində qeydə alınıb.

Qəsəbənin Əzməmmədov küçəsi, ev 12-də yaşayan 1944-cü il təvəllüdlü Zərnişan İslamova oğlu tərəfindən müxtəlif bədən xəsarətlərinə məruz qalıb. Yaşlı qadın təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Ancaq 74 yaşlı qadın xəsarətləri ağır olduğundan xəstəxanada dünyasını dəyişib.

Qaradağ rayon Polis İdarəsi 11-ci polis bölməsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Cəmil İslamov saxlanılıb.

İlkin dindirmələr zamanı 34 yaşlı oğul anasını yumruqla vurduğunu etiraf edib.

Qaradağ rayon Prokurorluğunda istintaqı aparılan Cəmil İslamova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər