Beyləqan rayonunda polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyat tədbirləri həyata keçirilib.
Nəticədə rayonun meşə massivi ərazisində ümumi çəkisi 121 kq 350 qram olan, 300 ədəd narkotik tərkibli çətənə kollarından ibarət plantasiya aşkarlanıb.
Aparılan axtarış-əməliyyat zamanı məlum olub ki, çətənə kollarını 1985-ci il təvəllüdlü Saatlı rayon sakini, "Qara" ləqəbli narkotacir Qarayev Asim Ülkər oğlu əkib.
Həmçinin əraziyə baxış keçirilən zaman kolların xüsusi aqrotexniki qayda ilə becərildiyi məlum olub. Meşədə ağacların arasında becərilən kolların suvarılması üçün su kanalı, həmçinin çətənə kollarının qorunması üçün ərazidə xüsusi düzəldilən saxlanc yeridə aşkarlanıb.
Bundan başqa əraziyə baxış keçirilən zaman 2 kq 900 qram qurudulmuş marixuana aşkarlanaraq zərərsizləşdirilib. Araşdırma zamanı məlum olub ki, Asim narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə yanaşı, satışı ilə də məşğul olub. Saxlanılan şəxsin əvvəllər də, eyni əməllərlə məhkumluq həyatı yaşadığı bildirilir.
Hazırda faktla bağlı Beyləqan RPŞ-nin İstintaq bölməsində cinayət işi açılıb, istintaq davam etdirilir.