Bakıda quldurluqda təqsirləndirilən Əlisəid Həsənov, Fərid Hacıyev, Orxan Məmmədli və Fərid Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Fərid Hacıyev, Orxan Məmmədli və Fərid Hüseynzadə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Zamində olan Əlisəid Həsənov şərti cəza alıb.
İttihama görə, ötən il Xətai rayon Polis İdarəsinə müraciət edən paytaxt sakini Qafqaz Qəhrəmanov General Mehmandarov küçəsində yerləşən marketə əllərində tapançaya bənzər əşya və bıçaq olan naməlum şəxslərin basqın etdiyini, daha sonra ona hədə-qorxu gələrək kassadan 230 manat pulu götürüb hadisə yerindən qaçdıqlarını bildirib.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fərid Hacıyev, əvvəllər məhkum olunmuş Fərid Hüseynzadə və Orxan Məmmədli də müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, hadisə zamanı dəstə üzvləri zərərçəkəni əllərində olan oyuncaq tapança ilə qorxudublar.
Dəstə üzvlərinin Xətai rayonunda daha bir mağazadan soyğunçuluq yolu tütün məmulatları, eləcə də "NZS" və Bakıxanov qəsəbələrində yerləşən iki marketdən oğurluq etdikləri də məlum olub.
Daha sonra Əlisəid Həsənov da saxlanılıb.
Cinayət işində 5 zərərçəkmiş var.