Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirli bilinən Azərbaycan Milli Elmlər Akademyasnın sabiq əməkdaşı, professor Eldar Əmirov və Ludmiliya Məmmədovanın cinayət işi üzrə məhkəmə keçirilib.
Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham ediliblər. Onlar abiturientləri ali məktəbə qəbul etdirməkdə, Dağıstanda olan universitetlərə qəbul etdirmək və sonra Azərbaycana köçürmək adı ilə aldadıblar. Bununla da onlar 100-ə yaxın vətəndaşın etibarından sui istifadə edərək dələduzluq əməli törədiblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldar Əmirov 4 il, Ludmiliya Məmmədova 8 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Ludmiliya Məmmədova məhkəmə zalından həbs edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar şikayətlərində günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. Hakimlər apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul ediblər.
Qərardan təqsirləndirilən şəxslər kasasiya şikayəti veriblər. Buna görə də apelyasiya instansiyasında şikayətə baxılması qeyri müəyyən vaxtadək təxirə salınıb. Kasasiya şikayətinə baxılması üçün cinayət işinin materialları Ali Məhkəməyə göndərilib.
Qeyd edək ki, Ludmiliya Məmmədova sabiq deputat Gülər Əhmədovanın cinayət işində şahid qismində iştirak edib. Ludmiliya Məmmədova mərhum Sevinc Babayevanın rəfiqəsi olub.
Hacı Zeynalov