Azərbaycan boks üzrə qadınlardan ibarət milli komandanın üzvü Məryəm Cəbrayılova barəsində cinayət işi üzrə məhkəmənin vaxtı açıqlanıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası avqustun 2-nə təyin edilib.
Cinayət işinə Səbail rayon Məhkəməsində, hakim Ağamalı Qafarovun icraatında baxılacaq.
İstintaq orqanı tərəfindən Məryəm Cəbrayılovaya qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan) maddəsi ilə ittiham elan edilib.
İttihama görə, Məryəm Cəbrayılova Günay Zeynalovaya qarşı xuliqanlıq edib.
Qeyd edək ki, zərərçəkmiş Günay Zeynalova daha əvvəl mətbuata açıqlamasında avtomobillə Xaqani bağı istiqamətində hərəkət edərkən, əks yoldan daxil olan Məryəm Cəbrayılovanın da içərisində olduğu avtomobil onun qarşısını kəsib və yolu bağlayıb.
Günay Zeynalova etirazını bildirdikdə isə avtomobildən düşən Məryəm Cəbrayılova ona hücum edib. Pəncərədən əlini uzadıb, üzünə yumruq vurub.
Hətta, yenicə əməliyyat olsa da, onun yarasının üstünə zərbələr endirib.
Məryəm Cəbrayılova açıqlamasında yaşananların Günay Zeynalova tərəfindən şişirdildiyini və həmin qadına əl qaldırmadığını deyib.