Vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və dələduzluqda təqsirləndirilən Sahil Cahangirlinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin məhkəməyə növbəti dəfə də gəlmədiyi elan olunub.
Bildirilib ki, məhkəmə Sahil Cahangirlinin barəsində məcburi gətirilmə qərarı çıxarıb, lakin onun yerini müəyyən etmək mümkün olmayıb.
Məhkəmə Sahil Cahangirlinin barəsində axtarış qərarı çıxarılıb.
Proses qeyri-müəyyən günədək təxirə salınıb.
İttiham aktına əsasən, Sahil Cahangirli "Real" MTK-nın direktoru olan zaman Nərimanov rayonunda tikilən binada bir mənzili əvvəlcə Bəylər Abdullayevə, sonra isə Rauf Abdullayevə satıb.
Hazırda evdə Rauf Abdullayev yaşayır və sənədlər isə Bəylər Abdullayevin adınadır.
Cinayət materealına görə, Rauf Abdullayevə 150 min manat ziyan dəyib.
Məhkəmədə elan olunmuş ittiham üzrə Sahil Cahangirli özünü qismən təqsirli bildiyini deyib.
O söyləyib ki, 2006-cı ildə şirkətin əvvəlki direktoru İslam Qasımov mənzili Bəylər Abdullayevə satıb, 2013-cü ilin sentyabr ayında isə özü direktor təyin olunub.
Sahil Cahangirli Rauf Abdullayevə dəyən ziyanı ödəmək istədiyini qeyd edib.
Onun sözlərinə görə, İslam Qasımov hazırda həbsdə olan "Real" MTK-nın sahibi İlham Qasımovun qardaşıdır. Sahil Cahangirli isə onların bacısı oğludur.
Xatırladaq ki, “Real MTK”-ın rəhbəri İlham Qasımov şair Gülağa Tənhanın (Gülağa Qəmbərov) 19,5 milyon dollar pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası 12 ilə endirilib.
Həmçinin, İlham Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb.