Bakıda qonşusunu bıçaqlamaqda təqsirləndirilən Əzizağa Bünyatovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi ilə bağlı verdiyi şikayət üzrə qərar elan edilib.
Qərara görə, şikayət təmin olunmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əzizağa Bünyatov 3 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsi, Çiçək küçəsində baş verib.
1960-cı il təvəllüdlü Əzizağa Bünyatov mübahisə zəminində qonşusu, 1974-cü il təvəllüdlü Xaliq Nəsirova bir neçə bıçaq xəsarəti yetirib. Yaralı Kliniki Tibbi Mərkəzə aparılıb, onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən şəxs isə 40-cı polis bölməsi əməkdaşları tərəfindən saxlanılıb.
İstintaq orqanı Əzizağa Bünyatova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Əzizağa Bünyatov elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O qeyd edib ki, qonşusu Xaliq Nəsirovu əslində söyüş söydüyü üçün bıçaqlayıb: “Məhləmizdə qapının ağzında köynəksiz oturmuşdum. Bu zaman qonşum Xaliq geyimimə irad bildirdi və gözlənilmədən məni nalayiq söyüşlərlə söyməyə başladı. Mən də evə girib, bıçağı götürüb qayıtdım və onu bıçaqladım. Kim olsa, bu söyüşləri götürməzdi”.
O, əməlindən peşman olduğunu bildirib.
Zərərçəkmiş Xaliq Nəsirov bildirib ki, qonşusuna məhəllədə çılpaq oturduğu üçün irad tutub. “Əzizağaya dedim ki, belə geyinmə, yol qırağıdır, burdan qız-gəlin keçir. Camaatın anası-bacısı var, olmaz belə. Ancaq söyüş söyməmişəm. O mənim sözümdən sonra evdən bıçağı götürüb üstümə gəldi və məni vurdu”.