26 İyul 2019 12:45
1 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirləndirilən Maya Mirzəyeva barəsində məhkəmə qərarından verilmiş kassasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Maya Mirzəyevanın cəzasının yüngülləşdirilməsi barədə verdiyi kasasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə Maya Mirzəyevanının barəsində 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.

Hökmdən narazı qalan zərərçəkmişlər apelyasiya şikayəti verib. Onlar Maya Mirzəyevanın cəzasının ağırlaşdırılmasını istəyiblər.

Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı qərarı ləğv edib, 3 il müddətinə azadlığn məhdudlaşdırılması cəzası 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub.

Maya Mirzəyeva məhkəmə zalında həbs edilib.

İttihama görə, Maya Mirzəyeva əvvəllər orta məktəbdə bir sinifdə təhsil aldığı Sakit Muxtarovun etibarından sui-istifadə edərək, 2016-cı ildə onu və bibisi qızı İlahə Muxtarovanı guya neft şirkətində işə qəbul etdirəcəyi barədə yalan vəd etməklə, ondan ümumilikdə 17200 manat pul alıb.

Bundan başqa, o, Sakit Muxtarovun qardaşı Fərid Muxtarova da eyni vədi verərək, onun 7000 manatını ələ keçirib.

Maya Mirzəyeva Mehriban Cəbiyevanın etibarından sui-istifadə edərək, onun qızını guya “Avesta Konsern” şirkətində işə qəbul etdirəcəyi barədə yalan vəd etməklə, qadından 5300 manat pul alıb.

O, ümumilikdə 10 nəfərə qarşı 70 min manatlıq dələduzluq edib.

İstintaq orqanı tərəfindən Maya Mirzəyevanın barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər